среда, 10 марта 2010 г.

Dollar Yağışı

Biri var idi, biri yox idi. Kiçik bir şəhər vardı, onun özünə görə əhalisi var idi. Bu insanlar varlı deyildilər. Səfil də deyildilər. Adi kasıb həyatlarını yaşayırdılar. Yox, burada da bütün kapitalist quruluşlu yerlərdəki kimi, iri sahibkarlar, biznesmenlər vardı. Sadəcə biz böyük əksəriyyətin yaşam səviyyəsini yalnız kasıblıq sözü ilə ifadə edə bilərik. Aylar, illər keçirdi... Ancaq adamların maddı durumları yaxşılaşmırdı, hər şey olduğu kimi qalırdı. Yerində saymaq, gündəlik tələbatları güclə ödəmək. Ancaq o kasıb adamlar bilmirdilər ki, günlərin bir günü taleh onların üzünə güləcək. Bəlkə də ağlayacaqdı, hər halda qarşıdan bütün şəhər əhalisini sevindirəcək olay gəlirdi.

O, bu gün həmişəki kimi işdən gəlib, yornuq-arnıq televizora baxır, kanalları çevirir, maraqlı nəsə axtarırdı. O, daxilən çox güclü, ədalətli, prinsipial, savadlı, tipcə praqmatist insan idi. Bütün şəhər əhalisi kimi o da normal (əgər belə demək olarsa) həyat tərzi sürürdü. Tələbəlikədn sonra bu şəhərə köçdü və yerli bankların birində çalışmağa başladı. O, heç zaman narazıçılıq eləməzdi, əksinə. Bundan başqa o, öz işində nöqsana yol vermirdi, eşitdiyimiz “çak-çuk” sözləri onun üçün təhqir sayıla bilərdi. Bu insan qeyri adi düzgünlüyə malik biri idi və bəzən buna görə də çox axmaq durumlara düşürdü. Məsələn, bir dəfə avtobusda bir nəfərin cibinə girən zaman cibgirlərə mane olmaq istəmiş, cibgirlər də onu avtobusadan düşürüb yaxşıca çırpışdırmışdılar.

Bu gün də o, işdən sonra, yorğun bədənini divana sərib xəbərlərə baxırdı, həmişəki kimi. Bəlkə də, heç zamankı kimi. Həmişə belə xəbər eşitmək mümkün deyil: “Hidrometereoloqların praqnozlarına görə üç gün sonra, günün ikinci yarısı, şəhərimizdə az müddətli lakin güclü anormal leysan müşahidə olunacaq. Anormaliyaya səbəb bu dəfə göydən yağış əvəzinə dollar əskinaslarının yağması olacaq. Bu aralar küçəyə çıxarkən özünüzlə zənbil götürməyi unutmayın. Gecəniz xeyir qalsın”. O, dondu. Do-do-do-dollar yağışı??? Gözlərini ovxalayıb:
- Yəqin çox yorğunam, yoğunluqdan səs hallüsinasiyaları olur.
Deyib, pultun qırmızı düyməsini basıb, yatmağa yollandı.

Səhəri gün həmişəki kimi, yuxudab durub əl-üzünü yuyub, əlinə keçəndən atışdırıb, çantasını götürüb evdən çıxdı. Qapını elə bağlayırdı ki, qonşusu, ağsaqqal Salam dayını gördü.
- Salam, Salam dayı.
- Salam a qonşu, nə var, nə yox? Xəbərin var?
- Nədən, Salam dayı?
- Nətər yanı nədən?! Eşitməmisənmi ayə, televiziya bar-bar bağırır, dollar yağışı! Bə torban hanı, a qonşu?
Özünü saxlaya bilməyib güldü.
- Salam dayı, vaxtım yoxdu. Siz televiziyaya çox aludə olmayın, millətin başını indi dollar yağışı ilə aldadırlar. Dedi və pilləkənləri iki-iki düşdü. Salam dayı onun arxasınca baxıb, başını yelləyib əli ilə “kül başıva” ümumilli işarəsini verdikdən sonra dedi:
- Ömür boyu əlində kitab ora-bura qaçır, səfeh ki, səfeh.
Daha sonra nə qədər az adam bilsə o qədər yaxşıdır fikiri gəldi ağılına və qoltuğunda torba, sevincək aşağı endi.

Kiçik şəhərin sakinləri. Onları doğurudan da heç yuxularında belə görə bilməyəcəkləri bir sürpriz gözləyirdi. Əslində bu həqiqət idi, hidrometereoloqların özləri də şokda idilər. Doğurudan da kiçik şəhərin sakinlırinin başına dollar yağışı yağacaqdı... Artıq şəhərdə hazırlıq işləri gedirdi. Adamlar daha ağıllı fəndlər fikirləşmək üçün baş sındırırdılar. Şəhərdə ara-sıra çaxnaşmalar olurdu. Məsələn, bina sakinlərinin bəziləri binanın damına çıxıb ora böyük tor atmışdılar. Buna digər sakinlər ciddi etirazlarını bildirirdilər. Bəziləri isə binaların ortasında böyük tor açmağı, daha sonra pulları bölüşdürməyi təklif edirdilər. Buna isə ədalətli bölgüyə inanmayanlar etiraz edirdilər. Beləliklə bu tip davalar gün ərzində şəhərin müxtəlif yerlərində baş verirdi. Bəzi adamlar kiçik şəhərin ən hündür nöqtəsi olan Para dağına üz tutmuşdular. Onlar paralarını hammıdan öncə Para dağında qarşılamağı planlaşdırmışdılar. Artıq Para dağında adamlar düşərgə salıb, yağışa qədər dollarları orada gözləməyi qərara almışdılar. Para dağına qalxmaq da asan başa gəlmirdi. İlk ora qalxanlar daha sonra arxalarınca “quyruqların” gəldiyini görüb, dağın ətəyində müdafiə qrupu yaratmışdılar. Lap hərbi hissələrdəki kimi. Adamlar nə qədər hündürdə olsalar pula o qədər yaxın olacaqlarını, daha çox toplayacaqlarını düşünürdülər. İlk gün xırda çaxnaşmaları çıxmaqla sakit keçdi. Şəhər əməli hazırlığa girişmişdi. Tək ondan başqa, ən axmağı. Bəlkə də, ən ağıllısı.

Həmin gün evə təsik gəldi. Evə girib televizoru yandırdı, kompüterini açıb internetə qoşuldu. Deyəsən iş yoldaşlarının da dollar yağışından danışması onda artıq buna şübhə yaratmışdı. Saat doqquz, xəbərlər efirdədir. Yarım saat ərzində kiçik şəhərin televiziya kanalı həmişəki kimi eldən obadan yox, veriliş boyu gözlənilən dollar yağışından xəbər verdi.
- Hidrometereoloqlar qeyri adi hava şəraitinin gözlənildiyini hələ də istisna etmirlər. Bu dəfə evdən çıxarkən özünüzlə çətir deyil, zənbil götürməyi unutmayın. Dollar yağışına iki gün qaldı!
Xəbərlərdən sonra kompüter arxasına keçidi və rəsmi mənbələrin bu xəbəri israrla təsdiqlədiqlərini eşitdikcə lap dəli olurdu.
- Ya bunlar dəli olublar, ya mən. Dollar yağışı... Gop da olsa maraqlıdır. Hmm, avantüristlər! Bu əsl avantüradır! Buarad başqa məqsəd nə ola bilər? Yox, bunu rəsmi instansiyalar deyir, hər hansı şokbaz internet saytı ya hoqqabaz astroloq yox. Bəlkə, həqiqətən yağdı? Yox, bu ola bilməz!
Suallara cavab tapa bilmədiyindən sinirləndi və yenə yatmağa yollandı.

Səhəri gün yenə oyanıb, əl-üzünü yuyub, əlinə keçəndən yeyib evdən çıxdı. Qapını kilitləyəndə qonşu, ağsaqqal Salam dayı həmişəki kimi onun arxasında durmuşdu.
- Salam, a qonşu.
- Salam, Salam dayı.
- Hara belə, a qonşu?
- Hara olacaq, Salam dayı, işə.
- Ay bala, nə iş bazarıdı?! Dollar yağacaqe göydən, dollar, yam-yaşıl dollarlar...
Salam dayı az qaldı ki, sevincindən ağlasın.
- Yaxşı Salam dayı, gecikirəm. Əlvida xalaya salam deyərsiiiz.
Pilləkənləri düşə düşə dedi. Salam dayı isə yenə cavan qonşusunun başına kül qoyduqdan sonra dərin nəfəs alıb, aşağı endi.

Balaca şəhər qaynaşırdı. Çayxanalar, kafelər ağzına qədər insanlarla dolu idi. Hammı gözlənilən olayı müzakirə edirdi. Şəhərdə hər kəs torba ilə gəzirdi. Çünki insanlar hidrometereoloqlara o qədər də inanmırdılar. Onlar hidrometereoloqların yalnışlıqlarını çox görmüşdülər deyə hər an yağışı gözləyirdilər. Küçələr adamlarla dolu idi. Bəzi binaların başlarında torlar görmək mümkün idi. Para dağında da adamlar yağışı gözləməkdə idilər. Bir çox adamlar gecələri küçələrdə, maşınlarda gecələyirdilər. Hammı sevincli idi... Hammı ümidli idi... Ümid edirdilər ki, bu bataqlıqdan nəhayət ki, qurtulacaqlar.

- Ən son aldığımız məlumatlara görə, dollar dolu buludlar hələ də şəhərimizə tərəf irəliləyirlər. Praqnozlara görə gözlənilidyi kimi sabah günün ikinci yarısı şəhərimizdə qısa müddətli, intensiv leysan, dollar yağışı gözləniləcək. Küçələrə çıxarkən özünüzlə zənbil götürməyi unutmayın. Dollar yağışına bir gün qaldı! Bizi izləyin.
Yarıyuxulu halda son xəbərləri izlədi, televizoru söndürdü, fikirli halda eyvana çıxdı. Küçəyə baxdı, gecə olmasına bamayaraq küçədə xeylaq adam vardı. Düşündü...
- Eh, dünya, dünya... Hələ bu insanların başına nələr gətirmirsən?! İnsanlar nəyə görə bu qədər pul hərisidirlər? Yoxsa onlar varlanacaqlarını düşünürlər? Bu ola bilər? Axı varlılıq, imkan müqayisəli şəkildə doğur, axı o nisbidir. Tutaq qapı qonşu Salam dayı ilə alt qonşu Manat, hər ikisi kasıbdılar. Sabah onlar lap milyon yığsalar, hansı varlı olacaq? Heç biri. Bəlkə hər ikisi? Yox, çünki o milyondan hammıda olacaq. Sadəcə onlar daha “milyonlu yoxsullar” olacaqlar. Sahibkarlar da avam deyillər. Onlar da adamaların milyonu olduğunu bildikədən sonra qiymətləri artırmayacaq qədər ağılsız deyillər. Çox güman ki, beş manatlıq mal ən azı beş yüz manata olacaq. Hmm, durum dəyişəsi deyil. Yaxşı, süd görəsən neçəyə olacaq? Yəqin ki, yüz-yüz əlli manata. Onda mən neyləyəcəm?
O, hər səhər süd içirdi deyə, süddən ötrü çox narahat oldu. Hələ ki, qoltuğuna zənbil vurub, pul yığmağı düşünmürdü. Elə bu an qapı qonşusu Salam dayı, qonşu eyvandan başını çıxarıb, onun eyvanına tərəf əyildi.
- Axşamın xeyir, a qonşu.
- Bisimillah! Qorxutduz, Salam dayı. (Fikirli idi)
Salam dayı hırıldayaraq.
- Ə, qorxma, adətən biz zibili olanlar hürkür. Qulaq as, a qonşu, bəri gəl. Bu xəbər çıxandan gözümə bir təhər dəyirsən. Olmaya nəsə bir zad fikirləşirsən? Ali təhsilli adamsan, mən kimi bisavad deyilsən, həm cavansan. Bura bax, sözüm onda deyil, bir planın varsa maa da de, yazıq adamlarıq. Əlvida xalan da xəstədi. Əl tutmaq Əlidən qalıb. O planını bizə də de, suvab qazanarsan. Həm mən səni oğlum sayıram, səndən başqa kimimiz var ki?!
Salam dayı, guya ki kövrəldi, yazıq sifət aldı və davam etdi:
- Hə qonşu, nə düşünmüsən hə? De, tez elə, skvaznyak belimi apardı, sətəlcəm olduq, di danış nə fikirləşmisən.
- Ay Salam dayı, nə düşünəcəm?! Məndən olsa heç pul yığmağa getməyin. Mən əminəm ki, kütləvi davalar olacaq.
Salam dayının sifəti çöndü. Görünür soyuq eyvanda durub bayaqdan qonşusunu dilə tumasından sonra qonşusunun bu cavabı onu narazı salaraq, qəzəbləndirdi.
- Ə, bura bax! Məni axmaq yerinə qoyufsan? Axmaq özünsən, beş də artıq! Fikirləşirsən ki, nə qədər az adam pul yığsa o qədər yaxşıdır? Ay hay! O başınçün! Yoxsa bir dırınqılet diplomun var deyə, bizi küt-əfəl sayırsan?
- Ayıb olur, Salam dayı.
- Ə, ayıb sənə olsune, nolsun diplomum yoxdu, min səni kimisin suya susuz aparıb, susuz gətirərəm.
- Qonşular eşidir, Salam dayı.
- Qoy eşitsinlər! Qoy bilsinlər ki, necə afirist qonşuları var. Yoxsa elə bilirsən bayaqdan öz-özünə danışdıqlarını, pulları saydıqlarını, özünə süd biznesi açmaq istədiyini eşitmirdim? Sən öləsən, polisə verərəm səni...

Günəş şən-şən parlayır, səma təmiz, quşlar oxuyur... Təbiət öz gözəlliyini insanlardan əsirgəmirdi, di gəl ki, bu aydın səmanın altında insanlar məkrli düşüncələrə dalmışdılar. Bu gün gözlənilən gün idi. Günün ikinci yarısı dollar yağışı yağacaqdı. Bu gün üzlərdə öncəki kimi sevinc yox idi. Həyəcan qorxuya, məkr hiyləyə, qəzəbli gözlər çatılmış qaşlara qarışmışdı. Küçələrdə sakitlik olsa da, hər kəs küçədə idi. Hammı eynəklərini taxıb, göyə baxırdı. Az qalıb... Lap az... Dollar yağışı...

Kütlə arasında hər kəsi tapmaq olardı, böyüklər tərəfindən təlimatlandırılmış uşaqlardan tutmuş Salam dayı, Əlvida xalayacan. Tək ondan başqa, evdə oturub sevdiyi filmlərə baxırdı. Yağış haqda olduqca az düşünmək istəyirdi ancaq gözü arada qapının ağzındakı zənbilə sataşırdı, dərhal gözünü çəkib sifətini turşudurdu. O çox ədalətli idi, ancaq ədalətsizliklə çox üz-üzə gəlirdi. Bu lap maqnitin əks qütblü tərəflərinə bənzəyirdi. Mənfi ilə müsbət daim bir-birilərinə tərəf itələnirlər. Ancaq buludlar nə qədər sıx olsa da, günəş gec tez onu yarır.

Döyünən ürəklər... Həyəcan... Qara eynəklər altından bərəlmiş gözlər... Sükut. Bu sadəcə saat üçə qədər davam etdi. Səma təmiz idi, üfüqdə bulud görsənmirdi. Adamlar təşvişə düşməyə başlayırdılar. Deyəsən bizi aldadıblar, günün ikinci yarısı deyirdilər, günorta saat üçdür, yağış havası da yoxdur. Şəhər əhli bu tip danışıqlara başladılar. Saatlar ötürdü, günəş batmağa yaxınlaşırdı. Dollar yağışı yağmaq bilmirdi ki, bilmirdi. İnsanlar isə küçələrdə oturub pulların həsrətini çəkir, müxtəlif xəyallar qururdular. Bəziləri pul yığıb özünə ev, maşın almağı düşünürdülər. Bəziləri oğullarının evləndirmək, qızlarına cehiz almağı fikirləşirdilər. Əksər düşüncələr eyni idi, məişət durmunun yaxşılaşdırılması. Bəziləri uşaqlarını, xəstə valideynlərini əməliyyat etməyi düşünürdülər. Ancaq yəqin ki, o adamlar bilmirdilər ki, şəhərdə ictimai tualetlərdən tutmuş hər şeyin qiyməti birə beş atracaqdı. Bəziləri lap fatalistik xəyallar qururdular. Pul çox olandan sonra tualetə gedib yanlarını dollara silməyi, daha sonra nəcisə bulanmış pulları unitaza atmağı düşünənlər də vardı. Bir sözlə, fantaziyalar rəngarəng idi. Yaşıl dollarlar, bir çoxlarının həyatını əlvan rənglərə boyayacaqdı.

Saat altı oldu. Səmada buludlar yoxdur. Saat yeddi oldu. Havadan dollar qoxusu gəlmir. Adamlar bir-birlərinə dəyməyə başladılar. Yağış yağmaq bilmirdi. Saat doqquz oldu. Kiçik şəhərin bütün işıqları, projektorları yandı.

“Xəbərlər efirdədir. Əziz şəhər sakinləri, panikaya düşməyə lüzum yoxdur. Hidrometereoloqlar bu gün güclü dollar yağışının yağacağını istisna etmirlər. Şəhər Mühafizə Xidməti pul yığarkən sizi təmkinli olmağa çağırır”. Bu sözlər yenə televizordan bütün otağa yayılırdı. O yenə tək oturub düşünürdü. Yenə qapının ağzındakı zənbilə baxdı. Ağılından nələr keçirdi... Ancaq yenə fikirindən yayındı, işıqları söndürüb elə divandaca uzandı.

Gecə yarısına beş dəqiqə qalıb. Göydə dalğalanan bir dollarlıq əskinas... O göydə fırlana-fırlana, yavaş-yavaş yerə doğru enirdi... Dığırlana-dığırlana bina damında oturanların birinin qarşısına düşdü. Yuxulu adam gözlərinə inanmadı. Tez dolları acgözlüklə götürdü, əli ilə yoxladı, əzib-büzüb, şakkıldatdı, iylədi. Sevincini gizlədə bilməyib bağırdı: DOLLAR YAĞIŞI!!! Zaman ötdükcə bir dollarlıqlar daha çox yağmağa başladı. Daha sonra bir dollarlıq əskinaslar beş dollarlıqlara, beş dollarlıqlar onluqlara, onluqlar iyirmiliklərə, iyirmiliklər əlliliklərə, əlliliklər Franklinlərə çevirilməyə başladılar. Yüz dollarlıqları görən adamlar əldən-ayaqdan getdilər. Yağış öncədən deyildiyi kimi az müddətdə ancaq intensiv yağacaqdı.

Franklin həmişə qulların dostu olub. O Amerikada 18-ci əsrdə qulları xilas etdi, indi də 21-ci əsrin qullarını xilas etməyə gəlmişdi. Elə bir kasıb yoxdur ki, Franklinin gül camalını görüb sevinməsin. Franklin hər bir evin fəxri, sevimli qonağıdır. Franklin hər bir kasıbın sevincli gözləridir, təsələrək evinə, uşaqlarına, ailəsinə sevinclə daşıdığı ərzaq dolu paketlərdir. Franklin kasıbın kömək əlidir. Franklin qulların və kasıbların dostudur!

Franklin evdir, maşındır, mebeldir, paltardır, çörəkdir, ərzaqdır, dərmandır, sağlamlıqdır. Franklin hörmətdir, sevgidir, qorxudur. Franklin paxıllıqdır, hiylədir, çirkinlikdir, rüşvətdir, qandır, cinayətdir. Franklin azadlıqdır, eləcə də, dəmir barmaqlıqdır. Franklin həm xoşbəxtlik həm də, bədbəxtlikdir. Ən əsası, Franklin insanların iç üzüdür!

Qapını döyüldü. Qapını açdı. Bu, Salam dayı idi. Boyu xeylaq hündürləşmişdi, tavana dəyirdi. Onun boğazından yapışıb yuxarı qaldırdı, sanki bir gecənin içində pəhləvan olmuşdu.
- Sən məni kimsəsiz, zəif qoca bilmişdin? İndi mənim hər şeyim var, sən isə axmaq kimi çürümüş kitablarınla qaldın. Vaxt var idi mənə baxıb gülürdün, indi al payını, əclaf!
Salam dayı onu boğurdu, o, qışqırır, vurnuxur, qaçmaq istəyir ancaq qaça bilmirdi. Bütün əzələləri işləyir ancaq yerindən tərpənə bilmirdi, sanki iflic olmuşdu. Qəfil qan tər içində oyandı. Təngənəfəs olmuşdu. Bunun sadəcə yuxu olduğuna sevindi. Ətrafına baxdı, elə divandaca yuxuya getmişdi. Qalxıb gərnəşdi, əl-üzünü yuyub televizoru açdı. Uzun siqnal... Adətən şəhər telekanalında profilaktik tədbirlər olduqda belə olurdu. Telefona əl atdı, şəbəkə yox idi. Saata baxdı, işə gecikirdi, birdən yadına düşdü ki, bu gün bazar günüdür. Mətbəxə keçdi, soyuducunu açdı, süd qutusu boş idi, çörək də qurtarmışdı. Evə bazarlıq etmək lazım idi. Əyinini geyinib, portmanatını götürüb evdən çıxdı. O, qapını kilitləyəndə reflektiv şəkildə geriyə baxdı. O, hər gün evdən çıxarkən Salam dayının onu qarşılamasına öyrəşmişdi. Daha sonra yağış yadına düşdü. Fikirləşdi ki, Salam dayı Əlvida xala ilə yəqin ki, indi haradasa kurortdadır. Pilləkənləri enib, blokdan çıxdı.

Qanlı dollarlar... Cəsədlər... Ovuclarda sıxılmış, torbalar dolu dollarlar... Bəzi başlarda güllə izləri... Bıçaq yaraları... Ayaq altında ölmüş uşaqlar... Cəsədlərin üzərinə qonmuş qara qarğalar, leşləri dimdikləyirdilər... O bütün bunların üzərindən adlayıb keçirdi. Qanlı dollarlar ayaqqabısının altına yapışırdı. Sanki bütün şəhər ölümcül infeksiyaya yoluxub, bir gecənin içində qırılmışdılar. Xoşbəxtlik bu şəhərə elə sərt gəmişdi ki, hər şeyi bədbəxtliyə çevirmişdi.

İnsanlar daim xoşbəxtlik axtarışında olurar. Ancaq bəzən xoşbəxtlik insanın həyatına elə gəlir ki, o insanda olan hər şeyi bədbəxtliyə çevirir.

Son
O, sanki yuxu görürdü. Hər şeyə baxıb, heç nə olmamış kimi marketə tərəf yollandı. Marketin qapıları açıq, şüşələri qırıq, içəridə dağınıq... İçəri keçdi, ərzaqlar bölməsinə yaxınlaşdı. Özü üçün lazım olan ərzaqları götürdü. Süd, pendir, çörək, çay. Ərzaqları paketə yığdıqdan sonra sevinərək düşündü ki, indi bunların hamısı tam pulsuzdur. Kassanın yanından keçəndə dayandı. Sanki içindən bir səs onu buna vadar etdi. Kassa... İçi dolu pullar...Bir anlıq düşündü, nə isə hesabladı. Əlini şalvarının arxa cibinə atıb nə isə çıxardı, sonra saydı. Daha sonra kassa aparatının arxasına keçib, onu açdı və ehmalca ora nə isə qoydu.