среда, 26 мая 2010 г.

Azərbaycan Avronun Viziyasında


Artıq bir neçə ildir ki, Avroviziya adlı yarışma Azərbaycanda maraqla izlənilir. Mən də bu yazımı məhz adiçəkilən müsabiqəyə həsr etmək qərarına gəldim.


Tarix boyu böyük güclər tabe kütləni idarə etmək üçün müxtəlif mexanizmlər işlədiblər. Bu tendensiya XXI əsrdə də davam edir. Hansısa qüvvələr azadlıq və demokratiya, hansısa qüvvələr dinlə, hansılarsa əyləncə və şou ilə. Avroviziya da bu qəbildəndir. Beləliklə, Avrovizya və Azərbaycan.

Günlərin bir günü eşidəndə ki, Azərbaycan Avrovziyaya qatılır avropalılara yazığım gəldi. Düşündüm ki, çalıb-oynamaqda birinci olan millətimiz Avropaya gün verib işıq verəsi deyil. Ancaq hər şey gözlədiyimi kimi olmadı...

Birinci il. Samir və Elnur cütlüyü, “Day After Day” parçası ilə. Avropada daha nələr deyilmədi bu cütlük haqda. Ədalət naminə qeyd etmək lazımdır ki, həqiqətən olduqca uğursuz partnyor seçimi olmuşdu. Musiqi parçalarının janrını opera rok adlandırırdılar ancaq mən əminəm ki, həmən adamalar opera rokun nə olduğunu bilmirlər. Mahnının mətni təbiidir ki, ingiliscə idi. Janrı bilinməyən (həftəbecər) o mahnının sözləri xeyir və şərin əbədi mübarizəsi ilə bağlı olub sonda xeyirin qalib gəlməsi haqqında idi. Ancaq onlar unutmamalıdırlar ki, şər hələ də qalibdir...!

İkinci il. Aysel və Araş cütlüyü, “Always” parçası ilə. Həmən il də, Araş ilə Avropanı fəth etmək istədik. Musiqi parçasının janrı bayağı pop, mətni yenə də ingiliscə (ayıb olar) idi hansıni ki, sadəcə mənasız söz çoxluğu adlandırmaq olardı. Nə isə, həmən mövsümü də belə yola verdik.

Üçüncü il. Səfurə Əlizadə, “Drip Drop” parçası ilə. Bu il, bizi məhz bu sima təmsil edəcək Avropanın viziyasında. Drip drop... Bu nə deməkdir? Bunun anlamı nədir? Bu Avropada Azərbaycan haqqında hər hansı bir fikir oyadacaqmı? Qız ağlayır, sevgilisi atıb, göz yaşları və.s. Bunu azərbaycanlıdan başqa bir də azərbaycanlı düşünə bilərdi. Bərəkallah!

Əgər biz ki bu Avroviziya deyilən nəsnəyə qatılmışıq, nəyə görə də ondan istifadə etməyək? Düşmənlərimiz kimi. Ermənistanın elə bir çıxışı yoxdur ki, həmən il nə isə milli (oğurlayıb özününküləşdirdiyi) bir şey olmasın. Ən azından ermənicə bir kəlmə də olsa mətnin məzmununda yer alır. Avrovizya təbliğat üçün olduqca gözəl platformadır. Bəs biz nə üçün o platformadan öz zəngin milli-mədəni irsimizi, tariximizi əks etdirməyək? Hər il külli miqdarda pullar töküb, Araşkimilərini gətirib, hoppanıb düşməkdənsə olmazmı ki, düşünək və əlimizdə olan fürsətdən bəhrələnək?

Biz Avropanın silahı ilə Avropanı fəth etmək istəyirik. Bayağı pop mahnıları ilə. Avropa üçün “Day After Day”, “Always”, “Drip Drop” maraqlı deyil. Onlar üçün qulaqlarının eşitmədiyi yeni bir səs, etnik mədəniyyət maraqlıdır. Onlara Samirlə Elnurun əl-ələ tutaraq şərə qalib gəlmələri yox, Alim Qasımovun zəngurələri maraqlıdır. Popun yaradıcılarını biz bayağı popla mat qoymaq istəyirik. Bu nə dərəcədə ağılabatandır? Üç il ərzində mən Azərbaycanın çıxışında milli bir çalar görmədim. Ona görə yox ki görmək istəmədim, ona görə ki, o yox idi.

Ermənistan. Bizdən bir il öncə qatılıb bu müsabiqəyə. Ötən il Ermənistan Avroviziyaya nə ilə çıxdı? Zurna, nağara, qafqaz ritmləri.... Hansı ki, həmən vaxt Araşla Aysel tullanıb düşürdülər. Bizim axı haramıza yaraşır hoppanıb düşmək? Mən demək istəmirəm ki, ağlayaq ancaq düşmən etnogenezimizə aid olanları özününküləşdirir, təbliğ edir, müdafiə edir. Biz nə edirik bəs? Biz “drip drop” edirik... Mənim bilgisayarımda isə Aysellə Araşın mənası, mənşəyi aydın olmayan mahnıları yox, qanımı qaynadan, əsl TÜRK ritmlərindən ibarət, Ermənistanın mahnısı yer aldı... Zəngin mədəniyyətə malik olmaqdan daha vacib mədəniyyətə sahib çıxmaqdır!

Avropanı heyran etmək üçün ingiliscə oxumaq gərək deyil! Avropanı heyran etmək üçün ucuz RnB ritmləri altında dingildəmək gərək deyil! Avropanı heyran etmək üçün Avropa kimi yarımçılpaq geyinmək gərək deyil! Bunlar Avropaya maraqlı deyil! Avropaya saz, zurna, nağara, muğamat maraqlıdır! Avropaya Azərbaycanın milli geyimləri maraqlıdır! Avropaya Azərbaycanın milli rəqsləri maraqlıdır! Avropaya görmədikləri bir şeyi göstərmək, heç zaman eçitmədiklərini eşitdirmək lazımdır! Bunun üçün isə uzağa getmək yox, milli-mədəni, tarixi irsimizə baş burmaq lazımdır! Bunun üçün biz özlüyümüzə dönməliyik!

Azərbaycanı Avropalaşdırmaq lazım deyil, Avropanı Azərbaycanlaşdırmaq lazımdır. Heç olmaya üç dəqiqəlik...