Bu nə hiss ilahi, nə həyəcandı?
Baş qaldırıb xatirələr.
Yaddaşın üstünə hücum çəkir,
Xəncərləyir.
Ki...
Sevişdiyimiz fəsil yaxınlaşır.
Saralmış yarpaqlar,
İslanmış xatirələr, səkilər.
Qaraya bürünür daha şəhər.
Sinoptiklər də yağış vəd edir,
Hər gün, hər axşam.
Açılır çətirlər...
Sevişdiyimiz fəsil yaxınlaşır.
Bir noyabr günü.
Yadındadır qəfil leysan?
Boşaltdı qara buludlar həmin gün ürəyini.
Biz də boşaltdıq nəyimiz varsa.
Çılğın öpüşlərlə, isti qucaqlaşmalarla.
Öpüşlərimizə yağış yağdı həmin gün.
Yadındadır?
Boşaltdıq sevgimizi.
Sonra dəlilər kimi gəzdik yağışın altında.
O baş, bu baş...
Bir az kədərləndik, bir az güldük.
Təpədən dırnağa suyun içində...
Sevişdiyimiz fəsil yaxınlaşır.
Həyatımızın bir fəsiliydimi bu?
Yoxsa elə həyatımnız o fəsildən ibarət idi?
Bəlkə də.
İndi əllər cibdə, qısılıb çiyin də.
Sən gedəndən yaman qorxaqlaşmışam.
Kiçilmişəm elə bil,
Cılızlaşmışam.
Baxıram yaş skamyalara,
Əksim düşən yağış gölməçələrinə...
Sevişdiyimiz fəsil yaxınlaşır...
Комментариев нет:
Отправить комментарий