Sevib
evlənmişdilər. Öncə bir parta arxasında oturmuşdular, daha sonra soyuq və
cansıxıcı universitet auditoriyalarında qoca professorların saralmış kitab
vərəqlərindən söylədiyi leksiyaları yazırdılar, daha sonra nikah masasında
oturub “zaqs” kağızına öz qollarını atdılar, daha sonra eyni evi, eyni yatağı
bölüşdülər. Bəli, Tahir və Nərminə uzun sevgili həyatını ölənəcən davam
etdirməyə qərar verərək, çox az adamın edə bildiyini etmişdilər. Bir ildən
sonra gözəl körpələri dünyaya gəldi. Toğrul.
Düzdü
evliklərinin yaşı artdıqca Tahir Nərminəyə daha az diqqət göstərirdi ancaq
bütün qadınlar kimi Nərminə öz ərinə çox şeyi güzəştə gedirdi, getməyə də
bilməzdi. Nərminə həmişə düşünürdü ki, kişinin sevgisi yatağa qədərdir... Bəlkə
də səhv, bəlkə də düz.
Qış. Yanvar. Bakı şəhəri.
Saat 23:50.
Ağır
addımlarla yataq otağından çıxdı, mətbəxə keçib bir siqaret yandırdı. Bu
Tahirin adəti idi. Seksdən sonra siqaret çəkməsəydi ürəyi partlayardı. Paralel
zamanda altı aylıq Toğrul mışıl-mışıl yatırdı. Siqaret çəkdiyi müddət ərzində,
dəhşətli fikirə getdi. Nərminə çox gözəl idi. O özü dəfələrlə ərli qadınlarla
yatmışdı. Evlilikdən sonra belə bu vərdişindən əl çəkə bilmirdi. Həmin
qadınları düşünürdü. Görəsən indi haradadırlar, nə edirlər? Bəlkə elə onlar da,
indi öz ərlərinin isti qucaqlarındadırlar. Elə Nərminə kimi. Tahir qeyri iradi
olaraq, gülümsündü. An belə keçmədi ki, sifətinə dərin hüzn qondu, az qaldı
ağlı başından çıxa. Dəhşət qısqanc idi. Bu sözləri öz-özünə təkrarlamağa
başladı.
-
Elə Nərminə kimi... Nərminə kimi? Nərminə... Bəlkə? Yox amma, yox,
qətiyyən! Heç vaxt!
Siqaretın
kötüyünü külqabıya sıxdı, özünü fikirlərdən təmizlədi və bu dəfə tələm-tələsik
yataq otağında tərəf yollandı, yarımçıq qoyduğu işi sona çatdırmaq üçün...
Mətbəxdən çıxıb yataq otağına keçəndə qonaq otağından Nərminənin telefonunun
səsi gəldi. Sms səsi. Ayaq saxladı. O bu hərəkəti heç vaxt etməmişdi ancaq birdən özünü kresloda oturub Nərminənin
telfonunu əlində gördü. Açımmı, açmayımmı? Az qala bu dilemma qarşısında
beyninə qan sızacaqdı, o həyat yoldaşına tam olmasa da inanırdı hardasa ancaq
bayaqkı fikirlər onu rahat buraxmırdı. Ürəyi bərk-bərk döyünməyə başladı,
telefonu yerinə qoydu.
-
Bir dəfə. İlk və sonuncu dəfə.
Telefonun
orta düyməsi, mesaj açılır. Tekst: SƏNİ SEVİRƏM! Tahir telefonu əlində saxlaya bilməyəcək
qədər gücsüzləşdi, telefon sürüşüb xalçanın üstünə düşdü. Nömrə qeydə
alınmamışdı, yəni Nərminənin telefonunda bu adlı kontakt yox idi. Bu Tahirin
içindəki qara fikirləri daha da zülmət, daha da dəhşətli bir yerə tərəf yuvarlayırdı.
Tahir də həmişə belə edərdi və yatdığı hər bir ərli, nişanlı qadınlara da bunu
tapşırardı. “Nömrəmi yaddaşda saxlama. Professional cinayətkarlar heç vaxt
özlərindən sonra iz qoymur” deyə əlavə bir zarafat da atardı ortaya həmişə. Tahirin
öz etdikləri indi öz başına gəlirdi. Öz aşına tökdükləri, indi öz qaşığına
çıxırdı. Şübhələrini boğa bilmirdi, əksinə, şübhələri onu boğurdu. Nazik
qısaqol futbolkası artıq qan tər içində idi. Bu gecə onun həyatının dönüş
nöqtəsi olacaqdı bəlkə də. Saata baxdı 00:40... Yataqdan artıq əlli dəqiqə idi
ki, qalxmışdı. Nərminədən səs-soraq yox idi.
-
Nə əcəb? Deyəsən o da istəmir... İstəmir? İstəməz də, kim istəyər?
Mən işdə olduğum müddətdə...
Tahir
özünü ələ almağa çalışdı. Birdən yadına düşdü ki, təkrar zəng etmək deyə bir
şey var. Bu onun rəfiqəsi filan da ola bilər deyə düşündü. İndi o ayrı bir
dilemma qarşısında qalmışdı. Öz nömrəsindən zəng etsin ya Nərminənin? Çox
düşünüb, daşındıqdan sonra qərarara aldı ki, elə Nərminənin öz nömrəsindən zəng
etsin. Uzun çağırışdan sonra telefondan qalın oğlan səsi gəldi. “Alo, alooo...”
Tahir nəsə deməyə cəsarət edə bilmədi. Telefonun qırmızı düyməsini basdı. Artıq
ev onun başına fırlanır, həyatından qırıq-qırıq epizodlar gözünün qabağına
gəlirdi.... Məktəbdə burnunu qurdalıyıb Nərminəni necə iyrəndirməyi, sonra Məlahəti
yataqda necə çığırtdığı, sonra Solmazı necə qayırdığı, sonra Lenanı, sonra
kafedə tanış olduğu adını belə yadından çıxartdığı ərli-uşaqlı qadını, sonra
doğum evini, Toğrulu... Məsələ aydındır, hər şey gün kimi ortalıqdadır. Yenidən
mətbəxə keçdi. Səs-küyə yataq otağında gözləməkdən yuxuya gedən Nərminə oyandı.
Tahirin neylədiyini öyrənmək üçün yataq otağından çıxmaq itəyirdi ki, qəfil
qapının ağzında ərinə oxşayan bir məxluqla qarşılaşdı. Tahir insanlığa aid nə
hisslər var idisə hammısını həmən o bir saat içərində keçirmişdi bəlkə də. Əsəb,
həyəcan, qısqanclıq, kədər, ehtiras və sairə və ilaxırdan, sifəti əcaib hala
düşmüşdü...
Şübhələr həmişə belədir. O həmişə insanı
yanıldır. Yanıltmırsa; o şübhə deyil, həqiqətdir.
Onun
24 yaşı vardı. Rüstəm. Orta məktəbi əla qiymətlərlə bitirmişdi. Bakı Dövlət
Universitetinin Filologiya fakültəsini bitirib, hərbi xidməyə yollanmış, qayıtdıqdan
sonra təhsilini magistratura pilləsində davam etdirirdi. Qiyabi bölməsində.
Uşaqlığı ağır keçib. Atasını Qarabağ savaşında itirdikdən sonra anası ilə
baş-başa qalmışdı. Çox keçmədi, iki ildən sonra anası əsəb dispanserində
müalicəyə yollandı. Onda Rüstəmin yeddi yaşı vardı. Rüstəmin anası ərinin
yoxluğunu çox çətinliklə qaldırdı.
Bu
gün onun il dönümü idi. Rüstəmin anası artıq bir il idi ki, dünyasını dəyişmişdi.
Bu gün Rüstəmin sevgiyə həmişəkindən daha çox ehtiyacı var idi. Sevdiyi qızla
da artıq üç ay idi ki ayrılmışdılar. Yox, əslində o qzıların həmişə maraq
dairəsində olub, çünki qızlar həmişə onun kimi savadlı, ağıllı, yaraşıqlı,
zövqlü oğlanları sevir. Hələ üstəlik o ictimai fəal biri olarsa. Müasir
dilimizlə desək; aktivist. Rüstəmin əhatəsində həmişə bol insan olub, bəlkə də
bu şəraiti özü-özünə yaratmışdı, həyatının boşluqlarını doldurmaq üçün.
Əgər gəncsənsə və yaşından qat-qat artıq
çətinliklərlə qarşı-qarşısasansa, yaşından qat-qat qoca düşüncələrdəsənsə,
mütləq bir gün, bir uşaqlıq edəcəksən.
Qış. Yanvar. Bakı şəhəri.
23:50.
Əslində
Sevinclə özü ayrılmışdı. Elə-belə. Sonunu görmürdü o münasibətin, Sevincsə
varlı ailədən idi. Ancaq bərk darıxırdı arada onun üçün. Bu da elə bir
günlərdən biri idi. Həm də anasının il dönümü. Hər şey üstə-üstə gəlmişdi.
Qəhər boğazında idi. Filtrə çatmış siqaretindən, çox ağır tüstü alaraq metroya
düşdü.
Metro çox qəribə nəqliyyat növüdür. Elə ki
ora düşdün, insan düşünməyə başlayır. Beyin labaratoriya, zavod, farbik kimi
çalışır metroda. Bəlkə həyatla ölümün arası, canlılarla meyidlərin arasıdır ona
görə bilmirəm. Ancaq metro, çox qəribə yerdir....
İstədi
Sevincə mesaj atsın. Ancaq o bunu etməyəcəkdi. Ayrılanda ona “fahişə” demişdi,
bir də qayıtmasın deyə. Açığı Sevinci sevmirdi, sevsəydi bəlkə də heç
buraxmazdı. Bəlkə elə Sevinc də Rüstəmi kifayət qədər sevsəydi belə asanlıqla
getməzdi. Nə isə, qatar gəldi. Xətdə olan sonuncu qatarla evə getməyə
öyrəşmişdi Rüstəm. Çox yorğun, çox ağır baxışlarla ətrafı süzdü. Vaqon demək
olar ki, boş idi. Həmişə vaqonun künclərində oturardı, elə də etdi. Qulaqcıq,
sakit rok, telefon və düşüncələr. Bir ara cibindəki kitabı istədi çıxarıb
oxusun. Ancaq həvəsi olmadı, çox yorğun idi. Birdən haradansa uzaqlardan şeytan
elə bil onun beyninə çox axmaq bir fikir saldı. Əslində şeytana filana inanmırdı
Rüstəm ancaq bu fikir bir anlıq onu ehtiraslandırdı. Dərin boşluqda olan insanlar həmişə
xoşbəxtliyi kənarda, abstrakt bir yerdə axtarırlar.
Əslində həyatda heç nə kiçik deyil. İnsan
oğlunun hər bir hərəkəti özü-özlüyündə böyükdür.
Qış. Yanvar. Bakı şəhəri.
Saat 01:15.
Rüstəm
anasının vəfatından sonra tək yaşadığı evə girib, qazı yandırdı, çaydanı yanan
gözün üstünə qoydu. Kompüteri yandırdı ki, beş dəqiqəlik internetə girsin. Bir
də ayıldı ki... saat ikiyə işləyir. Qəfil telefonu zəng çaldı. Nömrə tanış
deyildi.
-
Qaqaş, hardasan?
-
Evdə. Kimdi ki danışan?
-
Tanıyırsan, səninlə söhbətim var. Görüşə bilərik? Bağışla gecdi, ama
təcilidir.
Rüstəm
həmişə vəfalı və heç kimi dar vəziyyətdə qoymayan bir insan idi, tanıdı-tanımadı...
Düşündü ki, yəqin kimsə tanışlardandı. Yuxarıda dediyim kimi, onun dost-tanışı,
çevrəsi çox böyük idi. İctimai-sosial işlərlə məşqul olan hər kəsdə belə olur.
Həm də, danışanın səsində bir həyəcan vardı deyə, Rüstəm yox deyə bilmədi. Həm
də ki, o bəzən çox vecsiz adam olurdu, düşünmədən hərəkətlər edirdi, sanki
itirəcəyi heç nə yoxdur. Rüstəmi bəzən anlamaq çox çətin olurdu. Amma həqiqətən
Rüstəmin itirəcəyi heç nə yox idi. Bu minvalla Rüstəm razılaşdı.
-
Harda görüşək? (telefondakı)
-
Nərimanovun üstünə gələ bilərsən, bura mənə ən yaxın yerdi, başqa
yerə çətin ki gələ bilim gecənin bu vaxtı. (Rüstəm)
-
Maşınlayam narahat olma, ok onda, 15 dəqiqəyə ordayam. (telefondakı)
Qış. Yanvar. Bakı şəhəri.
Gecə saat 01:30.
Rüstəm
Nəriman Nərimanov metrosunun üstündə, kapşonunu da başına keçirib, aram-aram
siqaretdən tüstülədirdi. Külək elə də bərk əsməsə də, güclü şaxta var idi. Lap
ülgüc kimi. Arada bir çönüb sağa-sola baxır, gecənin bu vaxtı görüşməyə razılıq
verdiyi üçün özünü söyürdü...
Bahar. Mart. Bakı şəhəri.
Günorta saat 14:00.
-
Quliyev Tahir İman oğlu, törətdiyiniz cinayət əməlinə görə
peşmansınızmı?
-
Bəli cənab hakim, çox peşmanam!
Tahir
yerə çöküb, dizlərini qucaqlayıb, uşaq kimi hönkür-hönkür ağlayırdı. Yox,
əslində, zarıyıyırdı, bağırırdı, inləyirdi, ah-nalə çəkirdi.
Əsl, həqiqi göz yaşları kişilərə məxsusdur,
çünki kişilər boşu-boşuna ağlamaz.
Yay. İyun. Bakı şəhəri.
Saat 23:10.
Uşaq
evində növbədə qalan tərbiyəçilər söhbət edə-edə televizorda kriminal verilişə
baxır. Birdən digəri o birinə “Sssusss” deyərək televizora tam səs verdi.
Televizor bağırırdı...
“... Quliyev
Tahir öz həyat yoldaşı Quliyeva Nərminəni xususi amansızlıqla qətlə yetirdikdən
sonra, ürəyi dözməyib mərhumun meyidini bir neçə hissəyə bölür. Daha sonra o mərhuma
sms yazan şəxsin nömrəsinə öz telefonundan zəng edərək, ona Nərimanov metrosu
yaxınlığında görüş vermiş, həyat yoldaşını qətlə yetirdiyi bıçağı da götürərək,
maşına əyləşmiş və görüş yerinə getmişdir. Qurbanı Bakı şəhəri, Nərimanov rayon
sakini 24 yaşlı Məmmədov Rüstəm Akif oğlu görüş yerinə gəldikdən sonra onu
maşından bir neçə dəqiqə pusmuş, daha sonra ona arxadan yaxınlaşaraq çoxsaylı
bıçaq zərbələri endirmişdir. Məmmədov Rüstəm çoxlu miqdarda qan itkisindən yerindəcə
keçinmişdir. Uzun mddətli istintaq, Məmmədov Rüstəmlə Quliyeva Nərminə arasında
hər hansı uzaq və ya yaxın bir münasibətinin olub-olmadığını sübuta yetirə
bilməmişdir. Törətdiyi amansız cinayətə görə Quliyev Tahir İman oğluna 15 il
xüsusi rejimli cəzaçəkmə məntəqəsində həbs qəti imkan tədbiri seçilmişdir.”
-
Ay qız, ay qız bax, bu bizim Toğrulun atasıdır.
Комментариев нет:
Отправить комментарий