Bu gün bütün zəncirləri qırıb
səhər tezdən blokdan çıxıb
bir az boynumu ovxalayıb
siqareti damağıma qoyacam
çaxmaqlı alışqanımla yandıracam
bu gün mən sevimli cırıq cinsimdə
boş futbolkamda
beyzbolkamda
sevimli mahnımı oxuya-oxuya
dayanacağa tərəf gedəcəm
yorulanda asfaltda oturub
bir şüşə pivəni başıma çəkəcəm
quşları dinləyəcəm
pişiklərlə oynayacam
istilənəndə ketlərimi çıxarıb
ayaqlarımı parklarda hovuza sallayacam
susayanda şlanqlardan
krantlardan
ovcuma su doldurub
üzümə çırpacam
bir ağac tapıb
kölgəsində kitab varağlayacam
sevimli şeirlərimi oxuyub
qara eynəklə səmaya baxacam
özümü bir çimərliyə atıb
axşamacan avaralanacam
axşamüstü özümü "pub"a verəcəm
tənbəl-tənbəl addımlarla
saqqalımı sığallaya-sığallaya
tanımadığım adamlarla
tanımadığım masalarda dost olacam
bu gecə evə bir az gec gedəcəm
bir kluba girib
beyzbolkamın dimdiyin arxaya fırladıb
"reggea" sədaları altında
başımı yellədəcəm
bir az viski
bir qutu camel
bir az rok-n-roll istəyəcəm
heç getmədim evə bəlkə bu gün
tullanıb ayı tutmaq istədim bəlkə də
dodaqda ancaq xoş sözlər
bir qədər təbəssüm
sarı filtr
bitməsin bu gün.
Getsəm evə
yolumu dəniz qırağından salacam
üst başımı çirkləndirəcəm bu gün
otluğa
torpağa
və dünyanın ən pozitiv şeylərinə
daha çox alkoqol
daha çox nikotin
daha çox beyin
səhərəcən fəlsəfədən
Kafkanın Milenaya məktublarından danışacam bu gün
günəşin ayı qovaladığı anda
bir qumlu təpədə
danda
salamlayacam günəşi bu gün
qumları qucaqlayıb
dalğalara təslim olacam
bu gün istədiyim kimi
sevdiyim kimi
bağımsız kimi
qayğısız
beyniboş
özgür olmaq istəyirəm...
...bu səhərsə blokdan çıxanda
dayanıb düşündüm bir anda
əmilər və xalalar
hörmətli qonşular
görüb nə deyəcək?
Xalqın uşağı
ox atıb
ov ovlayanda
Tural çiçəkmi dərəcək?
Комментариев нет:
Отправить комментарий