суббота, 10 августа 2013 г.

Tele biz (Televizorların əziz xatirəsinə ithafən)

 
Rəqəmsal dünyanın və informasiya texnologiyalarının ən möhtəşəm kəşflərindən olan televizorla tanışlığım, 90-larda baş verdi. O zaman bizdə, düyməli (pultsuz), lakin rəngli ekran «Берёзка» vardı. Sonradan onu yapon malı “Sharp" əvəz etdiysə də sözüm bunda deyil.  

Televizor. Bizim inkişafımızda əvəzsiz rola malik olan qurğu. Biz inkişaf edə-edə isə o da inkişaf etdi. Haradasa 15 il öncə günümüzün yarısı televizor qarşısında keçərdi. Hətta vəziyyət o həddə çatmışdı ki, televizorda gedən kulinariya verilişləri belə marağıma səbəb olurdu. Hər nə oldu, oturub izləyərdim. Açıq şəkildə bu gün deyə bilərəm ki, əldə etdiyim informasiyanı mənbələrinə görə nisbətlərə bölsəm, televizor burada 40 %-dən aşağı olmayan paya sahiblənəcək.  

Var idi vaxtlar. Yayda məhəllədə futbol oynayardıq, mənsə hər beş dəqiqədən bir, həyətdən evdəkiləri eyvana çağırıb, idman xəbərləri başladımı deyə soruşardım. Bizim ekşınımız (action) bu idi. Şən vaxtlar idi. Televizor hər bir evin ağsaqqalı, ağbirçəyi idi. Televizor o zaman qırmızı parlament idi. Avtomat, müharibə, qan idi. Marş irəli idi. Sonradan Aygün Şou idi, Xəzər üz-üzə, Ans, Speys, RTR, ORT idi. Smak, Uqaday Melodiyu, Pole Çudes idi. Savalan baba, ovçu Pirim, Tom və Cerri, Kral Şir, Santa Barbara idi televizor. Televizor evlərin gözü idi.   

Televizor haqqında bir iki fakt. Bu cihaz 1925-ci ildə şotland alim Con Logi Berd (John Logie Baird) tərəfindən kəşf olunub. Özü də necə?! Alim, hazırladığı qurğunu iynə-sap vasitəsilə tikdiyi kartondan ibarət qutuya yerləşdirir və bu bəşəriyyətin ilk uzaqməsafəli görüntü yayınlayan televizoru olur. Necə deyərlər, ixtirası zor, televizor.  
Mən televizorla altı il olar ki vidalaşmışam. Səbəbsə elə də ağılagəlməz deyil, rəqəmsal dünyanın digər nəhəngi internet. Açığı televizor da artıq öz aktuallığını itirib. İndiki televizorlar əvvəlki televizorlar kimi maraqlı deyil. İndi o göz bizə, öncəki kimi parlaq baxışlarla baxmır. İndiki televizorlar xəstələnib. İndiki televizorlar öncəkilər kimi mehriban deyil, daha nəhəng, daha səliqəli, daha çox funksiyanaldırlar, əlavələrindən baş itirmək olar. Əlqərəz, indi ən yaxşı hallarda televizora kafelərdə, və ya həlledici futbol matçlarında baxaram. Dəqiq desək, televizoru qonşu otaqdan izləyirəm hər gün, dinləyirəm daha doğrusu. Uzun sözün qısası, informasiya texnologiyaları dayanmaq bilmədən inkişafdadırlar, bu proqresin nə zamana və hara kimi davam edəcəyini heç kim təxmin belə edə bilmir. Televizorlar, televizorlarsa radio adlı xəstəliyə yoluxub.  

Televizor öldü, onu siz öldürdünüz!

Sağ olun.

Комментариев нет:

Отправить комментарий