четверг, 7 ноября 2013 г.

четверг, 5 сентября 2013 г.

Söz olduqca

Sözlərlə qucaqlaşıb oturmuşam
nə isti, nə soyuq
nə azam, nə çox
ortalarda bir yerdə
kəndir üzərində balansını qoruyan kəndirbaz
sözlərlə qucaqlaşan sözbaz
insan heç vaxt tək qalmır
ətrafında o qədər söz olduqca.

суббота, 10 августа 2013 г.

Tele biz (Televizorların əziz xatirəsinə ithafən)

 
Rəqəmsal dünyanın və informasiya texnologiyalarının ən möhtəşəm kəşflərindən olan televizorla tanışlığım, 90-larda baş verdi. O zaman bizdə, düyməli (pultsuz), lakin rəngli ekran «Берёзка» vardı. Sonradan onu yapon malı “Sharp" əvəz etdiysə də sözüm bunda deyil.  

Televizor. Bizim inkişafımızda əvəzsiz rola malik olan qurğu. Biz inkişaf edə-edə isə o da inkişaf etdi. Haradasa 15 il öncə günümüzün yarısı televizor qarşısında keçərdi. Hətta vəziyyət o həddə çatmışdı ki, televizorda gedən kulinariya verilişləri belə marağıma səbəb olurdu. Hər nə oldu, oturub izləyərdim. Açıq şəkildə bu gün deyə bilərəm ki, əldə etdiyim informasiyanı mənbələrinə görə nisbətlərə bölsəm, televizor burada 40 %-dən aşağı olmayan paya sahiblənəcək.  

Var idi vaxtlar. Yayda məhəllədə futbol oynayardıq, mənsə hər beş dəqiqədən bir, həyətdən evdəkiləri eyvana çağırıb, idman xəbərləri başladımı deyə soruşardım. Bizim ekşınımız (action) bu idi. Şən vaxtlar idi. Televizor hər bir evin ağsaqqalı, ağbirçəyi idi. Televizor o zaman qırmızı parlament idi. Avtomat, müharibə, qan idi. Marş irəli idi. Sonradan Aygün Şou idi, Xəzər üz-üzə, Ans, Speys, RTR, ORT idi. Smak, Uqaday Melodiyu, Pole Çudes idi. Savalan baba, ovçu Pirim, Tom və Cerri, Kral Şir, Santa Barbara idi televizor. Televizor evlərin gözü idi.   

Televizor haqqında bir iki fakt. Bu cihaz 1925-ci ildə şotland alim Con Logi Berd (John Logie Baird) tərəfindən kəşf olunub. Özü də necə?! Alim, hazırladığı qurğunu iynə-sap vasitəsilə tikdiyi kartondan ibarət qutuya yerləşdirir və bu bəşəriyyətin ilk uzaqməsafəli görüntü yayınlayan televizoru olur. Necə deyərlər, ixtirası zor, televizor.  
Mən televizorla altı il olar ki vidalaşmışam. Səbəbsə elə də ağılagəlməz deyil, rəqəmsal dünyanın digər nəhəngi internet. Açığı televizor da artıq öz aktuallığını itirib. İndiki televizorlar əvvəlki televizorlar kimi maraqlı deyil. İndi o göz bizə, öncəki kimi parlaq baxışlarla baxmır. İndiki televizorlar xəstələnib. İndiki televizorlar öncəkilər kimi mehriban deyil, daha nəhəng, daha səliqəli, daha çox funksiyanaldırlar, əlavələrindən baş itirmək olar. Əlqərəz, indi ən yaxşı hallarda televizora kafelərdə, və ya həlledici futbol matçlarında baxaram. Dəqiq desək, televizoru qonşu otaqdan izləyirəm hər gün, dinləyirəm daha doğrusu. Uzun sözün qısası, informasiya texnologiyaları dayanmaq bilmədən inkişafdadırlar, bu proqresin nə zamana və hara kimi davam edəcəyini heç kim təxmin belə edə bilmir. Televizorlar, televizorlarsa radio adlı xəstəliyə yoluxub.  

Televizor öldü, onu siz öldürdünüz!

Sağ olun.

воскресенье, 4 августа 2013 г.

Özgürlük şərqisi

Bu gün bütün zəncirləri qırıb
səhər tezdən blokdan çıxıb
bir az boynumu ovxalayıb
siqareti damağıma qoyacam
çaxmaqlı alışqanımla yandıracam
bu gün mən sevimli cırıq cinsimdə
boş futbolkamda
beyzbolkamda
sevimli mahnımı oxuya-oxuya
dayanacağa tərəf gedəcəm
yorulanda asfaltda oturub
bir şüşə pivəni başıma çəkəcəm
quşları dinləyəcəm
pişiklərlə oynayacam
istilənəndə ketlərimi çıxarıb
ayaqlarımı parklarda hovuza sallayacam
susayanda şlanqlardan
krantlardan
ovcuma su doldurub
üzümə çırpacam
bir ağac tapıb
kölgəsində kitab varağlayacam
sevimli şeirlərimi oxuyub
qara eynəklə səmaya baxacam
özümü bir çimərliyə atıb
axşamacan avaralanacam
axşamüstü özümü "pub"a verəcəm
tənbəl-tənbəl addımlarla
saqqalımı sığallaya-sığallaya
tanımadığım adamlarla
tanımadığım masalarda dost olacam
bu gecə evə bir az gec gedəcəm
bir kluba girib
beyzbolkamın dimdiyin arxaya fırladıb
"reggea" sədaları altında
başımı yellədəcəm
bir az viski
bir qutu camel
bir az rok-n-roll istəyəcəm
heç getmədim evə bəlkə bu gün
tullanıb ayı tutmaq istədim bəlkə də
dodaqda ancaq xoş sözlər
bir qədər təbəssüm
sarı filtr
bitməsin bu gün.
Getsəm evə
yolumu dəniz qırağından salacam
üst başımı çirkləndirəcəm bu gün
otluğa
torpağa
və dünyanın ən pozitiv şeylərinə
daha çox alkoqol
daha çox nikotin
daha çox beyin
səhərəcən fəlsəfədən
Kafkanın Milenaya məktublarından danışacam bu gün
günəşin ayı qovaladığı anda
bir qumlu təpədə
danda
salamlayacam günəşi bu gün
qumları qucaqlayıb
dalğalara təslim olacam
bu gün istədiyim kimi
sevdiyim kimi
bağımsız kimi
qayğısız
beyniboş
özgür olmaq istəyirəm...

...bu səhərsə blokdan çıxanda
dayanıb düşündüm bir anda
əmilər və xalalar
hörmətli qonşular
görüb nə deyəcək?
Xalqın uşağı
ox atıb
ov ovlayanda
Tural çiçəkmi dərəcək?

среда, 31 июля 2013 г.

Burulğanlar

Bu burulğanlar
buruq-buruq burulğanlar
haradan gəldik
götürüb hara aparır bu burulğanlar?

Atdılar dəryaya
düşdük burulğana
buradan o yana hara
burur bizi burulğanlar?

Fərqinə varacaqsan ki,
əsas oyanmaq deyil
harada və kimlə oyanmaqdır əsas
burulğanlar da ki...

Burulğanın ən dəhşətlisi beyində olur
beynim qırış-qırış
kim bilir neçə-neçə faciələr yatır
neçə-neçə qəbirstanlıqlar
nüçə-neçə ölülər
neçə-neçə dirirələrə fatihə verir
açın beynimin qırışların
üsyan edirəm burulğanlara..!

bu burulğanlar da ki,
buruq-buruq...

вторник, 30 июля 2013 г.

Kədərd

bir şəhərin ki səhərləri
onsuz açır
bir saatın əqrəbləri ki
onsuz qaçır
dağıt bu şəhəri
sındır o saatları
şair

evə ilk olaraq
sallaq çiyinlərim girirsə
dərdim böyük
hava külək
yarıboş zənbil
bir quru çörək
hər gecə dükanın
soyuq piştaxtasında
yolumu gözləyirsə
buna bir ad ver
şair

sönəcək kötüyünlə
daha bir siqaret alışdır
oturaq dumanlı otaqda
dərdimi danışdır
şair
sənə nə var ki
onsuz dünyanın dərdi sinəndə
72 dəfə döyünür
hər keçən dəqiqədə

bütün kədərdli mahnılar
sənsizliyin himni olsun
bütün yarımçıq hekayələr
sonsuz şeirlər
mənim olsun
gözümdə bir qucaq yaş var
aç qucağını
qucaq-qucaq ağlayım
şair

varlığını saatlarla ölçdüklərimizin yoxluğunu
nə vaxta qədər illərlə ölçəcəyik
şair

kəndirin varsa
sıx onu özünə möhkəm
və de
həyatın ipdən asılı olması
məhz bu olmalı
şair.

среда, 13 марта 2013 г.

* * *

Çıxacaq günəş bir gün
Yandıracaq o pərdələri
O pəncərələrin
İsinəcək məzarların
Soyuq daşları
Günəş çıxacaq bir gün
Gecə gündüz saçacaq
Doyacayıq günəşdən
Sonra yenə günəşi
Götəş oxuyacağıq