Azərbaycan bu dəfəki qarlı-buzlu yollarda insanları ilə birlikdə ayağı sürüşüb yıxıldı, burxulma diaqnozu ilə xəxtəxanaya daxil olan Azərbaycanın travmalarını, travmatoloq olmasam da aydınlaşdırmağa çalışacam. Öncədən əziyyət çəkib oxuduğunuz və ya səbiriniz çatmayıb oxumadığınız üçün təşəkkür edib, sayqılarımı bildirirəm.
Bakıya qar yağdı yenə və bu günlərdə ən aktual olan məsələ düşən qarın hündürlüyü, havanın temperaturu deyil, hakimiyyətin iynələyib şişirtdiyi Azərbaycanın silikonlarının donması oldu. Bir qədər bu haqda.
Bu dəfə ağ qar üzərində qara ləkələr göründü. Bu da hökumətin yalanları oldu. Televiziya kanallarından qulaqlarımızı öz iqtisadi inkişaf xəbərləri ilə qabar edən hökumət bu ilki qara tam hazır idi. Bir həftə öncəki qardan sonra sinəsini qabardıb xalqın qarşısına çıxdı ki, “bəs budur, hökumət qışa hazırdır, biz xalqın rahatlığını təmin edirik”. Deyirəm yaxşı ki təbiət var, qorxusundan qısılan millətin edə bilmədiyini qar etdi. Əsdi külək, oyandı bəhri biyaman, yağdı qar... Hər şeyə hətta zələzələ kimi fövqəladə təbiət hadisəsinə günün 24, ilin 365 günü hazır olan dövlətin verdiyi sözlər palçıq kimi qarın altında qaldı. Yağan qar hökumətin bu qışa nəinki əlcəkləri, heç düzəməlli ayaqqabılarının olmadan çxdığını göstərdi.
Qarda nəinki izlər hətta yalanlar da aydın görünür.
İndi qısa bir təsvir. Dan yeri sökülməmiş işıqlar söndü, sular gəlmədi, qazlar yox dərəcəsinə qədər azaldı. İşdi iştahanız isti çaya çəksəydi o zaman yarımca saat gözləməli olacaqdınız. Nə isə, oyanıb pəncərədən o yana bu yana baxınca oldu günorta, çıxdım evdən ki gedim işimin gücümün dalınca. Yollar iflic, hərəkət etmək mümkün deyil, yolda bir neçə dəfə avtobusu itələməli olduq, sürücü qaza, millət də qollarına güc verdi, lap azərbaycansayağı səhnə... Avtobusun qiymətinin 70 % qaldırmasını və saatlarla dayanacaqda dona dona avtobus həsrəti çəkdiyimi də nəzər alsaq səhnəni tam təsvir edə bilərik.
Qar cəmi cümlatanı bir gün yağdı, bir gün! Qarın bir gün yağması regionun super dövləti, dünyada iqtisadi artımına görə birinci yerdə olan Azərbaycan dövlətini parter vəziyyətinə saldı. Bir gün içində Azərbaycan sanki beyin iflici keçirən bir xəstənin durumuna düşdü. Biz ancaq paytaxt Bakını gördüyümüzdən, deyə bilərik ki şəhərin böyük hissəsinə elektrik verilişi dayandırıldı və bu bir çox yerlərdə iki gün davam etdi. Bundan savayı, öz abonent saylarını gözümüzə soxan mobil operatorları da axsadı bu qarda. Şəbəkədə açıq aydın ciddi problemlər vardı. Yolları təmizləmək üçün bir-iki traktor mərkəzi prospektlərə o tərəf bu tərəfə dırıldasa da bu ümumi nəticəyə təsirsiz ötüşdü. Texniki cəhətdən hökumət çatdırmadı. Maraqlıdır, anlamı olmayan gic-gic bayramlara milyonlarla dollar səpələyən hökumət, icra strukturları Azərbaycana texnika almırlar.
Bir tərəfdən düz eləyirlər, nəyimizə gərəkdir ki, ildə bir dəfə qar yağır onsuz, durub ona görə para məsrəf etməyin adı nədir? Ondansa qarşıdan yay gəlir, icra başçılarımızdan, nazirlərimizdən nə bilim məmurlarımızdan biri Nabrandan zaddan bir yer götürüb, istirahət məzrkəzi açar və bu daha məqsədəuyğun olar. Eybi yox, xalq qışın qar yağan bir gününü qar içində, sürüşə sürüşə keçirsin, əvəzində yayda gəlib istirahət kompleksində bir ay rahatlanar, həm də soyuq dəyməsi çıxar.
Beləliklə qar bizə qəlbimizin dərinliyində gizlədiyimiz sevincdən başqa çoxlu problemlər gətirdi. Əslində il boyu qarlı bölgələr, ölkələr var və onlar qarla çox gözəl yola gedirlər. Qar əslində qışın yaraşığıdır, qar hər bir tərəfə, lap səhraya da yaraşır. Mən yenə də öz fikirmin üzərinə gəlirəm, o adamlar ki deyirlər bizə qar yaraşmır, mən o fikiri qətiyyən qəbul etmirəm, əslində biz qara yaraşmırıq, çünki qara hazırlaşa bilmirik, yağandan sonra isə haray həşirə düşürük... Hələ üstəlik bir cəmiyyət, bir gənclik, bir toplum olaraq da qarla rəftarımızdan danışmağa dəyməz. Odur ki, qar hər kəsə yaraşır, sadəcə qara yaraşmayanlar var, onlardan biri də biz.
Şərhiz əlavə.
Azərbaycan xalqının bu çovqunlu, boranlı, qış günlərində əlcəklərini geyinib qarla əlləşdiyi, qarda batdığı, soyuqda donduğu, qaranlıqda qaldığı bir sözlə, qısası nənələr demiş başımıza daş düşdüyü günlərdə ölkə başçısı, preziden İlham Əliyev Almaniyada səfərdə idi və o belə bir açıqlamada bulundu : AZƏRBAYCAN XALQI YAXŞI YAŞAYIR !
Şərhsiz əlavəyə şərh.
Azərbaycan xalqı deyil, onun qanını içənlərdir yaxşı yaşayanlar!
Комментариев нет:
Отправить комментарий