четверг, 7 ноября 2013 г.

четверг, 5 сентября 2013 г.

Söz olduqca

Sözlərlə qucaqlaşıb oturmuşam
nə isti, nə soyuq
nə azam, nə çox
ortalarda bir yerdə
kəndir üzərində balansını qoruyan kəndirbaz
sözlərlə qucaqlaşan sözbaz
insan heç vaxt tək qalmır
ətrafında o qədər söz olduqca.

суббота, 10 августа 2013 г.

Tele biz (Televizorların əziz xatirəsinə ithafən)

 
Rəqəmsal dünyanın və informasiya texnologiyalarının ən möhtəşəm kəşflərindən olan televizorla tanışlığım, 90-larda baş verdi. O zaman bizdə, düyməli (pultsuz), lakin rəngli ekran «Берёзка» vardı. Sonradan onu yapon malı “Sharp" əvəz etdiysə də sözüm bunda deyil.  

Televizor. Bizim inkişafımızda əvəzsiz rola malik olan qurğu. Biz inkişaf edə-edə isə o da inkişaf etdi. Haradasa 15 il öncə günümüzün yarısı televizor qarşısında keçərdi. Hətta vəziyyət o həddə çatmışdı ki, televizorda gedən kulinariya verilişləri belə marağıma səbəb olurdu. Hər nə oldu, oturub izləyərdim. Açıq şəkildə bu gün deyə bilərəm ki, əldə etdiyim informasiyanı mənbələrinə görə nisbətlərə bölsəm, televizor burada 40 %-dən aşağı olmayan paya sahiblənəcək.  

Var idi vaxtlar. Yayda məhəllədə futbol oynayardıq, mənsə hər beş dəqiqədən bir, həyətdən evdəkiləri eyvana çağırıb, idman xəbərləri başladımı deyə soruşardım. Bizim ekşınımız (action) bu idi. Şən vaxtlar idi. Televizor hər bir evin ağsaqqalı, ağbirçəyi idi. Televizor o zaman qırmızı parlament idi. Avtomat, müharibə, qan idi. Marş irəli idi. Sonradan Aygün Şou idi, Xəzər üz-üzə, Ans, Speys, RTR, ORT idi. Smak, Uqaday Melodiyu, Pole Çudes idi. Savalan baba, ovçu Pirim, Tom və Cerri, Kral Şir, Santa Barbara idi televizor. Televizor evlərin gözü idi.   

Televizor haqqında bir iki fakt. Bu cihaz 1925-ci ildə şotland alim Con Logi Berd (John Logie Baird) tərəfindən kəşf olunub. Özü də necə?! Alim, hazırladığı qurğunu iynə-sap vasitəsilə tikdiyi kartondan ibarət qutuya yerləşdirir və bu bəşəriyyətin ilk uzaqməsafəli görüntü yayınlayan televizoru olur. Necə deyərlər, ixtirası zor, televizor.  
Mən televizorla altı il olar ki vidalaşmışam. Səbəbsə elə də ağılagəlməz deyil, rəqəmsal dünyanın digər nəhəngi internet. Açığı televizor da artıq öz aktuallığını itirib. İndiki televizorlar əvvəlki televizorlar kimi maraqlı deyil. İndi o göz bizə, öncəki kimi parlaq baxışlarla baxmır. İndiki televizorlar xəstələnib. İndiki televizorlar öncəkilər kimi mehriban deyil, daha nəhəng, daha səliqəli, daha çox funksiyanaldırlar, əlavələrindən baş itirmək olar. Əlqərəz, indi ən yaxşı hallarda televizora kafelərdə, və ya həlledici futbol matçlarında baxaram. Dəqiq desək, televizoru qonşu otaqdan izləyirəm hər gün, dinləyirəm daha doğrusu. Uzun sözün qısası, informasiya texnologiyaları dayanmaq bilmədən inkişafdadırlar, bu proqresin nə zamana və hara kimi davam edəcəyini heç kim təxmin belə edə bilmir. Televizorlar, televizorlarsa radio adlı xəstəliyə yoluxub.  

Televizor öldü, onu siz öldürdünüz!

Sağ olun.

воскресенье, 4 августа 2013 г.

Özgürlük şərqisi

Bu gün bütün zəncirləri qırıb
səhər tezdən blokdan çıxıb
bir az boynumu ovxalayıb
siqareti damağıma qoyacam
çaxmaqlı alışqanımla yandıracam
bu gün mən sevimli cırıq cinsimdə
boş futbolkamda
beyzbolkamda
sevimli mahnımı oxuya-oxuya
dayanacağa tərəf gedəcəm
yorulanda asfaltda oturub
bir şüşə pivəni başıma çəkəcəm
quşları dinləyəcəm
pişiklərlə oynayacam
istilənəndə ketlərimi çıxarıb
ayaqlarımı parklarda hovuza sallayacam
susayanda şlanqlardan
krantlardan
ovcuma su doldurub
üzümə çırpacam
bir ağac tapıb
kölgəsində kitab varağlayacam
sevimli şeirlərimi oxuyub
qara eynəklə səmaya baxacam
özümü bir çimərliyə atıb
axşamacan avaralanacam
axşamüstü özümü "pub"a verəcəm
tənbəl-tənbəl addımlarla
saqqalımı sığallaya-sığallaya
tanımadığım adamlarla
tanımadığım masalarda dost olacam
bu gecə evə bir az gec gedəcəm
bir kluba girib
beyzbolkamın dimdiyin arxaya fırladıb
"reggea" sədaları altında
başımı yellədəcəm
bir az viski
bir qutu camel
bir az rok-n-roll istəyəcəm
heç getmədim evə bəlkə bu gün
tullanıb ayı tutmaq istədim bəlkə də
dodaqda ancaq xoş sözlər
bir qədər təbəssüm
sarı filtr
bitməsin bu gün.
Getsəm evə
yolumu dəniz qırağından salacam
üst başımı çirkləndirəcəm bu gün
otluğa
torpağa
və dünyanın ən pozitiv şeylərinə
daha çox alkoqol
daha çox nikotin
daha çox beyin
səhərəcən fəlsəfədən
Kafkanın Milenaya məktublarından danışacam bu gün
günəşin ayı qovaladığı anda
bir qumlu təpədə
danda
salamlayacam günəşi bu gün
qumları qucaqlayıb
dalğalara təslim olacam
bu gün istədiyim kimi
sevdiyim kimi
bağımsız kimi
qayğısız
beyniboş
özgür olmaq istəyirəm...

...bu səhərsə blokdan çıxanda
dayanıb düşündüm bir anda
əmilər və xalalar
hörmətli qonşular
görüb nə deyəcək?
Xalqın uşağı
ox atıb
ov ovlayanda
Tural çiçəkmi dərəcək?

среда, 31 июля 2013 г.

Burulğanlar

Bu burulğanlar
buruq-buruq burulğanlar
haradan gəldik
götürüb hara aparır bu burulğanlar?

Atdılar dəryaya
düşdük burulğana
buradan o yana hara
burur bizi burulğanlar?

Fərqinə varacaqsan ki,
əsas oyanmaq deyil
harada və kimlə oyanmaqdır əsas
burulğanlar da ki...

Burulğanın ən dəhşətlisi beyində olur
beynim qırış-qırış
kim bilir neçə-neçə faciələr yatır
neçə-neçə qəbirstanlıqlar
nüçə-neçə ölülər
neçə-neçə dirirələrə fatihə verir
açın beynimin qırışların
üsyan edirəm burulğanlara..!

bu burulğanlar da ki,
buruq-buruq...

вторник, 30 июля 2013 г.

Kədərd

bir şəhərin ki səhərləri
onsuz açır
bir saatın əqrəbləri ki
onsuz qaçır
dağıt bu şəhəri
sındır o saatları
şair

evə ilk olaraq
sallaq çiyinlərim girirsə
dərdim böyük
hava külək
yarıboş zənbil
bir quru çörək
hər gecə dükanın
soyuq piştaxtasında
yolumu gözləyirsə
buna bir ad ver
şair

sönəcək kötüyünlə
daha bir siqaret alışdır
oturaq dumanlı otaqda
dərdimi danışdır
şair
sənə nə var ki
onsuz dünyanın dərdi sinəndə
72 dəfə döyünür
hər keçən dəqiqədə

bütün kədərdli mahnılar
sənsizliyin himni olsun
bütün yarımçıq hekayələr
sonsuz şeirlər
mənim olsun
gözümdə bir qucaq yaş var
aç qucağını
qucaq-qucaq ağlayım
şair

varlığını saatlarla ölçdüklərimizin yoxluğunu
nə vaxta qədər illərlə ölçəcəyik
şair

kəndirin varsa
sıx onu özünə möhkəm
və de
həyatın ipdən asılı olması
məhz bu olmalı
şair.

среда, 13 марта 2013 г.

* * *

Çıxacaq günəş bir gün
Yandıracaq o pərdələri
O pəncərələrin
İsinəcək məzarların
Soyuq daşları
Günəş çıxacaq bir gün
Gecə gündüz saçacaq
Doyacayıq günəşdən
Sonra yenə günəşi
Götəş oxuyacağıq

четверг, 7 марта 2013 г.

***

Biz haralarda küsmədik ki
necə küsmədik ki?!
amma həmişə eyni yerdə
və eyni cür barışırdıq.
Yataqda…
Sən üstdə
mən altda.
Acığını çıxırdın sanki
bütün qadınlığın…
Əlinə düşmüş yetim kişidən.

среда, 6 марта 2013 г.

Gözləyirəm


Yeni vörd fayl açdım
təbimi gözləyirəm.

Yarpaqlar yenə qucaqlayacaq
lüt ağacları
yazı gözləyirəm.
İlan mələyən qızmar torpaqlar
yenə yağışı güləcək,
payızı gözləyirəm.

Hər gün eyni küçədə durub
keçməyini;
günəşin hər axşam
ayı gözlədiyi kimi gözləyirəm.

İnternat pəncərələrindən gözləri yol çəkib
analarını gözləyən
körpə uşaqlar kimi;
mən də hər gün
hər pəncərədən səni gözləyirəm.

четверг, 21 февраля 2013 г.

Tənhalığın başqa adı


Bu gün göylərdə qarğalar uçacaq
tənhalığın başqa adı;
oturub o qarğaları bir-bir saymaqdır.

Gecə on ikidə qonşu binanın
ən yuxarı mərtbəsindəki evin işığı sönəcək
səhər yeddidə yanacaq.
Tənhalığın başqa adı;
hər gün o pəncərədəki işığın yanıb-sönməsini gözləməkdir.

Tənhalığın başqa adı;
o tavandakı çatları,
kranın damcılarını,
kəfkirin çıkkıltısını saymaqdır...

Əlini yalamayacaq pişiklər
səni islatmayacaq yağış
pəncərənə qonmayacaq daha quşlar...
Tənhalığın başqa adı;
son avtobusu heç vaxt tutuzdura bilməməkdir.

Tənhalığın başqa adı;
tənhalığın adı yoxdur.

четверг, 14 февраля 2013 г.

Zəncirvari reaksiya

O hündürdaban zərli ayaqqabıları alanda,
satıcının uşağı xəstə idi,
pulunu ödəyəndə
sevinmişdi ki,
bu gün dərmanla gedəcək evə.
Pulu yolda itirdi,
bir sərxoş evsiz tapdı
və sevindi ki,
bu gün qəzet süfrəsində bir araq olacaq.
O qəzetdə məqalə çıxaran adamsa
ümidli idi ki,
onun yazısı partladacaq...
Qəzeti alan tələbə
düşünmüşdü ki,
universitetəcən metroda başını qatacaq,
çıxanda zibil qutusuna atacaq...
Nə isə,
o zərli hündürdabanı geyən qız,
indi öz oğlanı ilə
parkda əmişir.

воскресенье, 3 февраля 2013 г.

Külqabı



Hər siqaret bir dərd,
səndə neçə-neçə dərdlərimi öldürdüm
necə dözdün, 
külqabı?

Sən şahid oldun
o əlacsız ataların dərdinə,
o tənha fahişələrin kədərinə,
o keyfli İsgəndərlərin qəminə...
Sən həmdərd oldun, 
külqabı...

Sən ölmüş sevgilərimizin məzarlığı,
xəyallarımızın söndüyü,
əzilidiyi,
basdırıldığı qəbir,
külqabı!

четверг, 24 января 2013 г.

SMS




Sevib evlənmişdilər. Öncə bir parta arxasında oturmuşdular, daha sonra soyuq və cansıxıcı universitet auditoriyalarında qoca professorların saralmış kitab vərəqlərindən söylədiyi leksiyaları yazırdılar, daha sonra nikah masasında oturub “zaqs” kağızına öz qollarını atdılar, daha sonra eyni evi, eyni yatağı bölüşdülər. Bəli, Tahir və Nərminə uzun sevgili həyatını ölənəcən davam etdirməyə qərar verərək, çox az adamın edə bildiyini etmişdilər. Bir ildən sonra gözəl körpələri dünyaya gəldi. Toğrul.

Düzdü evliklərinin yaşı artdıqca Tahir Nərminəyə daha az diqqət göstərirdi ancaq bütün qadınlar kimi Nərminə öz ərinə çox şeyi güzəştə gedirdi, getməyə də bilməzdi. Nərminə həmişə düşünürdü ki, kişinin sevgisi yatağa qədərdir... Bəlkə də səhv, bəlkə də düz.

Qış. Yanvar. Bakı şəhəri. Saat 23:50.

Ağır addımlarla yataq otağından çıxdı, mətbəxə keçib bir siqaret yandırdı. Bu Tahirin adəti idi. Seksdən sonra siqaret çəkməsəydi ürəyi partlayardı. Paralel zamanda altı aylıq Toğrul mışıl-mışıl yatırdı. Siqaret çəkdiyi müddət ərzində, dəhşətli fikirə getdi. Nərminə çox gözəl idi. O özü dəfələrlə ərli qadınlarla yatmışdı. Evlilikdən sonra belə bu vərdişindən əl çəkə bilmirdi. Həmin qadınları düşünürdü. Görəsən indi haradadırlar, nə edirlər? Bəlkə elə onlar da, indi öz ərlərinin isti qucaqlarındadırlar. Elə Nərminə kimi. Tahir qeyri iradi olaraq, gülümsündü. An belə keçmədi ki, sifətinə dərin hüzn qondu, az qaldı ağlı başından çıxa. Dəhşət qısqanc idi. Bu sözləri öz-özünə təkrarlamağa başladı.

-         Elə Nərminə kimi... Nərminə kimi? Nərminə... Bəlkə? Yox amma, yox, qətiyyən! Heç vaxt!

Siqaretın kötüyünü külqabıya sıxdı, özünü fikirlərdən təmizlədi və bu dəfə tələm-tələsik yataq otağında tərəf yollandı, yarımçıq qoyduğu işi sona çatdırmaq üçün... Mətbəxdən çıxıb yataq otağına keçəndə qonaq otağından Nərminənin telefonunun səsi gəldi. Sms səsi. Ayaq saxladı. O bu hərəkəti heç vaxt etməmişdi  ancaq birdən özünü kresloda oturub Nərminənin telfonunu əlində gördü. Açımmı, açmayımmı? Az qala bu dilemma qarşısında beyninə qan sızacaqdı, o həyat yoldaşına tam olmasa da inanırdı hardasa ancaq bayaqkı fikirlər onu rahat buraxmırdı. Ürəyi bərk-bərk döyünməyə başladı, telefonu yerinə qoydu.

-         Bir dəfə. İlk və sonuncu dəfə.

Telefonun orta düyməsi, mesaj açılır. Tekst: SƏNİ SEVİRƏM!  Tahir telefonu əlində saxlaya bilməyəcək qədər gücsüzləşdi, telefon sürüşüb xalçanın üstünə düşdü. Nömrə qeydə alınmamışdı, yəni Nərminənin telefonunda bu adlı kontakt yox idi. Bu Tahirin içindəki qara fikirləri daha da zülmət, daha da dəhşətli bir yerə tərəf yuvarlayırdı. Tahir də həmişə belə edərdi və yatdığı hər bir ərli, nişanlı qadınlara da bunu tapşırardı. “Nömrəmi yaddaşda saxlama. Professional cinayətkarlar heç vaxt özlərindən sonra iz qoymur” deyə əlavə bir zarafat da atardı ortaya həmişə. Tahirin öz etdikləri indi öz başına gəlirdi. Öz aşına tökdükləri, indi öz qaşığına çıxırdı. Şübhələrini boğa bilmirdi, əksinə, şübhələri onu boğurdu. Nazik qısaqol futbolkası artıq qan tər içində idi. Bu gecə onun həyatının dönüş nöqtəsi olacaqdı bəlkə də. Saata baxdı 00:40... Yataqdan artıq əlli dəqiqə idi ki, qalxmışdı. Nərminədən səs-soraq yox idi.

-         Nə əcəb? Deyəsən o da istəmir... İstəmir? İstəməz də, kim istəyər? Mən işdə olduğum müddətdə...

Tahir özünü ələ almağa çalışdı. Birdən yadına düşdü ki, təkrar zəng etmək deyə bir şey var. Bu onun rəfiqəsi filan da ola bilər deyə düşündü. İndi o ayrı bir dilemma qarşısında qalmışdı. Öz nömrəsindən zəng etsin ya Nərminənin? Çox düşünüb, daşındıqdan sonra qərarara aldı ki, elə Nərminənin öz nömrəsindən zəng etsin. Uzun çağırışdan sonra telefondan qalın oğlan səsi gəldi. “Alo, alooo...” Tahir nəsə deməyə cəsarət edə bilmədi. Telefonun qırmızı düyməsini basdı. Artıq ev onun başına fırlanır, həyatından qırıq-qırıq epizodlar gözünün qabağına gəlirdi.... Məktəbdə burnunu qurdalıyıb Nərminəni necə iyrəndirməyi, sonra Məlahəti yataqda necə çığırtdığı, sonra Solmazı necə qayırdığı, sonra Lenanı, sonra kafedə tanış olduğu adını belə yadından çıxartdığı ərli-uşaqlı qadını, sonra doğum evini, Toğrulu... Məsələ aydındır, hər şey gün kimi ortalıqdadır. Yenidən mətbəxə keçdi. Səs-küyə yataq otağında gözləməkdən yuxuya gedən Nərminə oyandı. Tahirin neylədiyini öyrənmək üçün yataq otağından çıxmaq itəyirdi ki, qəfil qapının ağzında ərinə oxşayan bir məxluqla qarşılaşdı. Tahir insanlığa aid nə hisslər var idisə hammısını həmən o bir saat içərində keçirmişdi bəlkə də. Əsəb, həyəcan, qısqanclıq, kədər, ehtiras və sairə və ilaxırdan, sifəti əcaib hala düşmüşdü...

Şübhələr həmişə belədir. O həmişə insanı yanıldır. Yanıltmırsa; o şübhə deyil, həqiqətdir.

Onun 24 yaşı vardı. Rüstəm. Orta məktəbi əla qiymətlərlə bitirmişdi. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib, hərbi xidməyə yollanmış, qayıtdıqdan sonra təhsilini magistratura pilləsində davam etdirirdi. Qiyabi bölməsində. Uşaqlığı ağır keçib. Atasını Qarabağ savaşında itirdikdən sonra anası ilə baş-başa qalmışdı. Çox keçmədi, iki ildən sonra anası əsəb dispanserində müalicəyə yollandı. Onda Rüstəmin yeddi yaşı vardı. Rüstəmin anası ərinin yoxluğunu çox çətinliklə qaldırdı.

Bu gün onun il dönümü idi. Rüstəmin anası artıq bir il idi ki, dünyasını dəyişmişdi. Bu gün Rüstəmin sevgiyə həmişəkindən daha çox ehtiyacı var idi. Sevdiyi qızla da artıq üç ay idi ki ayrılmışdılar. Yox, əslində o qzıların həmişə maraq dairəsində olub, çünki qızlar həmişə onun kimi savadlı, ağıllı, yaraşıqlı, zövqlü oğlanları sevir. Hələ üstəlik o ictimai fəal biri olarsa. Müasir dilimizlə desək; aktivist. Rüstəmin əhatəsində həmişə bol insan olub, bəlkə də bu şəraiti özü-özünə yaratmışdı, həyatının boşluqlarını doldurmaq üçün.

Əgər gəncsənsə və yaşından qat-qat artıq çətinliklərlə qarşı-qarşısasansa, yaşından qat-qat qoca düşüncələrdəsənsə, mütləq bir gün, bir uşaqlıq edəcəksən.

Qış. Yanvar. Bakı şəhəri. 23:50.

Əslində Sevinclə özü ayrılmışdı. Elə-belə. Sonunu görmürdü o münasibətin, Sevincsə varlı ailədən idi. Ancaq bərk darıxırdı arada onun üçün. Bu da elə bir günlərdən biri idi. Həm də anasının il dönümü. Hər şey üstə-üstə gəlmişdi. Qəhər boğazında idi. Filtrə çatmış siqaretindən, çox ağır tüstü alaraq metroya düşdü.

Metro çox qəribə nəqliyyat növüdür. Elə ki ora düşdün, insan düşünməyə başlayır. Beyin labaratoriya, zavod, farbik kimi çalışır metroda. Bəlkə həyatla ölümün arası, canlılarla meyidlərin arasıdır ona görə bilmirəm. Ancaq metro, çox qəribə yerdir....

İstədi Sevincə mesaj atsın. Ancaq o bunu etməyəcəkdi. Ayrılanda ona “fahişə” demişdi, bir də qayıtmasın deyə. Açığı Sevinci sevmirdi, sevsəydi bəlkə də heç buraxmazdı. Bəlkə elə Sevinc də Rüstəmi kifayət qədər sevsəydi belə asanlıqla getməzdi. Nə isə, qatar gəldi. Xətdə olan sonuncu qatarla evə getməyə öyrəşmişdi Rüstəm. Çox yorğun, çox ağır baxışlarla ətrafı süzdü. Vaqon demək olar ki, boş idi. Həmişə vaqonun künclərində oturardı, elə də etdi. Qulaqcıq, sakit rok, telefon və düşüncələr. Bir ara cibindəki kitabı istədi çıxarıb oxusun. Ancaq həvəsi olmadı, çox yorğun idi. Birdən haradansa uzaqlardan şeytan elə bil onun beyninə çox axmaq bir fikir saldı. Əslində şeytana filana inanmırdı Rüstəm ancaq bu fikir bir anlıq onu ehtiraslandırdı.  Dərin boşluqda olan insanlar həmişə xoşbəxtliyi kənarda, abstrakt bir yerdə axtarırlar. 

Əslində həyatda heç nə kiçik deyil. İnsan oğlunun hər bir hərəkəti özü-özlüyündə böyükdür.

Qış. Yanvar. Bakı şəhəri. Saat 01:15.

Rüstəm anasının vəfatından sonra tək yaşadığı evə girib, qazı yandırdı, çaydanı yanan gözün üstünə qoydu. Kompüteri yandırdı ki, beş dəqiqəlik internetə girsin. Bir də ayıldı ki... saat ikiyə işləyir. Qəfil telefonu zəng çaldı. Nömrə tanış deyildi.

-         Qaqaş, hardasan?
-         Evdə. Kimdi ki danışan?
-         Tanıyırsan, səninlə söhbətim var. Görüşə bilərik? Bağışla gecdi, ama təcilidir.

Rüstəm həmişə vəfalı və heç kimi dar vəziyyətdə qoymayan bir insan idi, tanıdı-tanımadı... Düşündü ki, yəqin kimsə tanışlardandı. Yuxarıda dediyim kimi, onun dost-tanışı, çevrəsi çox böyük idi. İctimai-sosial işlərlə məşqul olan hər kəsdə belə olur. Həm də, danışanın səsində bir həyəcan vardı deyə, Rüstəm yox deyə bilmədi. Həm də ki, o bəzən çox vecsiz adam olurdu, düşünmədən hərəkətlər edirdi, sanki itirəcəyi heç nə yoxdur. Rüstəmi bəzən anlamaq çox çətin olurdu. Amma həqiqətən Rüstəmin itirəcəyi heç nə yox idi. Bu minvalla Rüstəm razılaşdı.

-         Harda görüşək? (telefondakı)
-         Nərimanovun üstünə gələ bilərsən, bura mənə ən yaxın yerdi, başqa yerə çətin ki gələ bilim gecənin bu vaxtı. (Rüstəm)
-         Maşınlayam narahat olma, ok onda, 15 dəqiqəyə ordayam. (telefondakı)

Qış. Yanvar. Bakı şəhəri. Gecə saat 01:30.

Rüstəm Nəriman Nərimanov metrosunun üstündə, kapşonunu da başına keçirib, aram-aram siqaretdən tüstülədirdi. Külək elə də bərk əsməsə də, güclü şaxta var idi. Lap ülgüc kimi. Arada bir çönüb sağa-sola baxır, gecənin bu vaxtı görüşməyə razılıq verdiyi üçün özünü söyürdü...

Bahar. Mart. Bakı şəhəri. Günorta saat 14:00.

-         Quliyev Tahir İman oğlu, törətdiyiniz cinayət əməlinə görə peşmansınızmı?
-         Bəli cənab hakim, çox peşmanam!

Tahir yerə çöküb, dizlərini qucaqlayıb, uşaq kimi hönkür-hönkür ağlayırdı. Yox, əslində, zarıyıyırdı, bağırırdı, inləyirdi, ah-nalə çəkirdi.

Əsl, həqiqi göz yaşları kişilərə məxsusdur, çünki kişilər boşu-boşuna ağlamaz.

Yay. İyun. Bakı şəhəri. Saat 23:10.

Uşaq evində növbədə qalan tərbiyəçilər söhbət edə-edə televizorda kriminal verilişə baxır. Birdən digəri o birinə “Sssusss” deyərək televizora tam səs verdi. Televizor bağırırdı...

“... Quliyev Tahir öz həyat yoldaşı Quliyeva Nərminəni xususi amansızlıqla qətlə yetirdikdən sonra, ürəyi dözməyib mərhumun meyidini bir neçə hissəyə bölür. Daha sonra o mərhuma sms yazan şəxsin nömrəsinə öz telefonundan zəng edərək, ona Nərimanov metrosu yaxınlığında görüş vermiş, həyat yoldaşını qətlə yetirdiyi bıçağı da götürərək, maşına əyləşmiş və görüş yerinə getmişdir. Qurbanı Bakı şəhəri, Nərimanov rayon sakini 24 yaşlı Məmmədov Rüstəm Akif oğlu görüş yerinə gəldikdən sonra onu maşından bir neçə dəqiqə pusmuş, daha sonra ona arxadan yaxınlaşaraq çoxsaylı bıçaq zərbələri endirmişdir. Məmmədov Rüstəm çoxlu miqdarda qan itkisindən yerindəcə keçinmişdir. Uzun mddətli istintaq, Məmmədov Rüstəmlə Quliyeva Nərminə arasında hər hansı uzaq və ya yaxın bir münasibətinin olub-olmadığını sübuta yetirə bilməmişdir. Törətdiyi amansız cinayətə görə Quliyev Tahir İman oğluna 15 il xüsusi rejimli cəzaçəkmə məntəqəsində həbs qəti imkan tədbiri seçilmişdir.”

-         Ay qız, ay qız bax, bu bizim Toğrulun atasıdır.

вторник, 22 января 2013 г.

Səni Gözləyirdim


Səni gözləyirdim,
siqareti bir-birinin ardına calayırdım
sən gəlmək bilmirdin
getmək bilmədiyin kimi.
sən danışmırdın,
mən susa bilmirdim.

Səni gözləyiridim,
islanmış cücələr kimi
gur yağışın altında,
sən gəlmək bilmirdin.
qanad çalıb uça bilmədiyin,
dəryalara baş vurub,
üzə bilmədiyin kimi.

Səni gözləyirdim,
rəngim də qaçmışdı,
ruhumdan danışmıram heç,
özümdən də danışmıram heç,
yüz il olar unutmuşam özümü.

Sevgi belə şeydi,
yolunu gözləyə-gözləyə adam özünü də unudur,
sevgini də unudur hətta.
mən niyə durmuşdum axı bu küçədə?
səni gözləyirdim yoxsa?
sən gəlmək bilmirdin yoxsa?
sən heç yoxuydun əslində,
heç vaxt olmamışdın bəlkə də?
bilmirəm niyə?
Amma səni gözləyirdim...

пятница, 18 января 2013 г.

Gəlin içək

Gəlin yığışaq
gedək içək...
Bu şəhər ayıq başla çəkilmir, dost
bu şəhər çox vicdansız,
hər kəs öz mobil dünyasında,
kimi ... kimin dərdi?!
Dərdimizə içək, dost.

Tanrı da bu gün
bərk darıxır,
gəl onun da sağlığına içək.
Mələkələr də darıxır,
darıxır cənnətdəki hurilər
işsiz-gücsüz qalıblar.
Kimdi indi cənnətə gedən?!
Günahlarımızın sağlığına içək, dost.

воскресенье, 6 января 2013 г.

Dostluğun sağlığına


Sonuncu dəfə,
dostluğun sağlığına
içdik səninlə, dost.

Yaman sərt gəldi
son badə.
Yaman yellətdi,
azdırdı səni yolundan,
düşmədi sənə  son sağlıq dost.

O vaxt bu vaxt,
heçkimlə dostluğun sağlığına
içmirəm, dost...