среда, 26 декабря 2012 г.

Bacarırsan?!



Gəl dur yerimdə
bax burda,
bu uçurumun kənarında.
Görüm bacarırsan?!

Nə yüksək dozada alkoqol,
nə də rəngli həblər
yoxluğunu unutdurar.
Bu şəhər sanki,
sənin posterlərinlə bəzədilmiş
dörd divar.

Gəl döz öz yoxluğuna,
gəl çək öz həsrətini mənim yerimə...
Görüm bacarırsan?

пятница, 21 декабря 2012 г.

Biz peysəl deyilik



Xəbərlər efirdədir. Bu gün Amerika Birləşmiş Ştatlarının mərkəzi Vaşinqtonda tələbələr etiraz aksiyası keçiriblər. Onlar verdiyi bəyənnamədə təhsil haqqlarının çox yüksək, təqaüdlərin isə çox az olduğunu bildiriblər. Qeyd edək ki, gənclər Ağ Ev qarşısında kemplər quraraq oturaq aksiyaya keçiblər və tələbləri yerinə yetməyincə aksiyanı dağıtmamaqda israrlıdırlar.



Xəbərlər davam edir. Bu gecə Bakı şəhərində Nizami və Suraxanı rayon sakinləri 21 yaşlı gənclər arasında baş verən qarşıdurma qətllə sona çatıb. İki dostdan birinin digərinə endirdiyi çoxsaylı biçaq zərbələrindən sonra gənclərdən biri yerindəcə həlak olub. Qeyd edək ki, gənclər Bakı Dövlət Universitetrinin 3-cü kurs tələbələridir. İlkin  istintaqa görə hadisəyə zəmin, tələbələr arasındakı şəxsi münasibətlər yəni “peysəl söhbəti” olub.





PS. Yazıyla üst-üstə düşən istənilən hadisə tam təsadüfidir.


среда, 12 декабря 2012 г.

Mən qaçırdım, sən tələsirdin



Bizimki film kimiydi.
Yağış yağırdı,
dar küçəydi,
mən qaçırdım,
sən tələsirdin.
Üz-üzə gəldik...
Sanki dondu zaman
slou moişonda.
Sənin baxışların dağıdıcıydı
yıxdı qəlbimin tənhalıq divarlarını
bir anlıq...
Mən uçdum,
sən pərvaz vurdun,
gözlərinin içi güldü,
ağzım qurudu.
Sonra gəzdik yağışın altında
əl-ələ, göz-gözə...
Sonra dodaqların püskürdü;
səni sevirəm!
Dodaqlarım dayanmadı buna...
Sonra evləndik
ev-eşik sahibi, uşaqlar...
Beləcə,
ölənəcən
xoşbəxt həyat sürdük...

Sonra bir-birimizin yanından
düz keçdik
mən qaçırdım,
sən tələsirdin.

воскресенье, 9 декабря 2012 г.

Yaylıq

Necəsən?
Söz olsun deyə soruşmuram,
doğurdan necəsən?
Bilirəm…
Kefin kök,
damağın sazdı…
Yoxluğum sənə düşərli,
yoxluğun mənə kədərli.
Sadəcə məndə unutduğun,
yaylığını tapdım.

Köhnə gödəkçəmin cibində,
özümün də unutduğum yaylığını.
Deyirdilər,
yaylığı əldən-ələ verməzlər.

воскресенье, 11 ноября 2012 г.

Bizim aftafamız var...

Şərq deyir: Bizim aftafamız vardı! Aftafa qərbə bizdən gedib, siz avropalılar vaxtı ilə “dalızığlı” gəzənlər olmusuz.

Üstündən əsrlər keçdi.

Qərb deyir: Bizim güclü ədəbiyyatımız, kinomotaqrafiyamız, idmanımız, şou-biznesimiz, iqtisadiyyatımız, sənayemiz, texnologiyamız, ordumuz, azadlığımız var!

Şərq deyir: Bizim aftafamız var!

воскресенье, 4 ноября 2012 г.

Sevişdiyimiz fəsil yaxınlaşır


Bu nə hiss ilahi, nə həyəcandı?
Baş qaldırıb xatirələr.
Yaddaşın üstünə hücum çəkir,
Xəncərləyir.
Ki...
Sevişdiyimiz fəsil yaxınlaşır.

Saralmış yarpaqlar,

İslanmış xatirələr, səkilər.
Qaraya bürünür daha şəhər.
Sinoptiklər də yağış vəd edir,
Hər gün, hər axşam.
Açılır çətirlər...
Sevişdiyimiz fəsil yaxınlaşır.

Bir noyabr günü.

Yadındadır qəfil leysan?
Boşaltdı qara buludlar həmin gün ürəyini.
Biz də boşaltdıq nəyimiz varsa.
Çılğın öpüşlərlə, isti qucaqlaşmalarla.
Öpüşlərimizə yağış yağdı həmin gün.
Yadındadır?
Boşaltdıq sevgimizi.
Sonra dəlilər kimi gəzdik yağışın altında.
O baş, bu baş...
Bir az kədərləndik, bir az güldük.
Təpədən dırnağa suyun içində...
Sevişdiyimiz fəsil yaxınlaşır.

Həyatımızın bir fəsiliydimi bu?

Yoxsa elə həyatımnız o fəsildən ibarət idi?
Bəlkə də.
İndi əllər cibdə, qısılıb çiyin də.
Sən gedəndən yaman qorxaqlaşmışam.
Kiçilmişəm elə bil, 
Cılızlaşmışam.
Baxıram yaş skamyalara,
Əksim düşən yağış gölməçələrinə...
Sevişdiyimiz fəsil yaxınlaşır...

четверг, 25 октября 2012 г.

Sənsiz Otaq


Saatın çıkkıltısı,
Tüstüləyən siqaret.
Boş içki şüşələri,
Əriyib axan şam.
Mən...
Və sənsiz otaq.

Bəlkə bir ümid?!
Pəncərəmdə işıq...
Çöldəki fənər.
Xam xəyallar.
Mən...
Və sənsiz otaq.

Divarlar qışqırar.
Tavan yerə,
Döşəmə göyə sıxılar.
Təqvim vərəqləri ilə
Zibil vedrəsi də,
Dolar, daşar...
Qəflətən ləkəli güzgüdəki,
Saç-saqqallı zombi.
Mən...
Və sənsiz otaq.

Qırılmış şüşələr.
Cırılmış vərəqlər.
Rəflər də tozlu.
Güllər də solğun.
Qəfil qapı zəngi.
Gözlük...
Yenə kimsə yox.
Mən...
Və sənsiz otaq.

Günlər də keçər.
Fəsillər dəyişər.
Ama hər gün payız.
Hər gün xəzan.
Çürüyən yarpaq.
Kök atmış mən.
Tənha otaqda.
Kirli yataqda.
Yenə sərxoş,
Yenə sərsəmələr.
Mən...
Və sənsiz otaq.

Bitib təqvim vərəqləri.
İtib saatın əqrəbləri.
Yanmır daha çöldəki fənər.
Çalmır daha qapının zəngi.
Susub telefon aylardır.
Radioda qəribə səslər.
Divarda qorxunc kölgələr.
Hərlənir lüstur.
Bağırır piano.
Çalır masa.
Rəqs edir stullar.
Dəli bir paranoya.
Yenə soyuq tər.
Titrəyən əllər.
Qurumuş dodaqlar.
Şəklənmiş qulaqlar.
Güllə səsi...
Pəncərədən uçan quşlar.
Damcılayan qan...
Sükut.
Sənsiz...
Və mənsiz otaq!

Adsız şer (Vol:2)


Çox axtardı.
Qarışdırdı...
Sonra bir-bir ayırd etdi.
Sonra yenə qarışdırdı.
İtirilmiş bəxtini,
Xoşbəxtliyini.
Bəlkə də, sevincini...
Bəlkə də, bir qismət sevgi.
Bəlkə də...
Bəlkə də, bir qismət çörək.
Axtarırdı...
Zibil qutusunda eşələnən qadın.

пятница, 10 августа 2012 г.

Bakı - Təbriz - Bakı


Bir neçə ön söz:
Azərbaycan gömrüyündən çıxar çıxmaz fərq hiss olunmağa başladı. Azərbaycan tərəfinin gömrüyündən fərqli olaraq İran gömrüyü xarabalığa bənzəyirdi. İnsan faktorundan danışsaq isə Azərbaycan tərəfi bizi ədəb-ərkanla yola saldı və elə o tərəfə yeni ayaq basmışdıq ki, köhnə butkanın içində iki hərbiçi bizi qarşıladı. Hara gedirsən, niyə gedirsən zad...

Nəysə, düzəldik yola, ulu Təbrizə sarı. O böyük, qədim Azərbaycan şəhərini görmək üçün səbirsizlənirdim, çoxdankı arzum idi Təbriz.

Yolboyu getdikcə Azərbaycan yollarına şükür etməyə başlamışdım.

Yol uzunu rəngli boyalarla yazılmamış divarlara rast gəlmək çox çətindir. Farsca nəsə yazıblar. Sonra bildim ki, bunlar sadəcə reklamlardır. İranda reklam lövhəsinə rast gəlmək çox müşkül məslədir.

Sərhəddən düz Təbrizə qədər nə bir işıqfor nə də bir işıq dirəyi var. Təbrizə çatmağa 5 dəqiqə qalmışa qədər qayaların arasındakı asfalt yol ilə hərəkət edirsən. Təbrizin birdən açılan işıqlı panoraması, sürpriz olur.

Təbrizə gircək mənzərə 180 dərəcə dəyişdi. İşıqlı, səliqəli yollar, restoran, fəst fudlar hətta yol qırağı parklarda otluqlarda oturub dincələn cavanlar. Bakı vaxtı ilə 21:15 idi. Açığı Bakıda hər addımbaşı bu cür mənzərə ilə qarşılaşa bilməzsən. Bunlar hələ avtobusdan gördüklərim idi.

Şamdan sonra yol yorğunu olsam da əsla yata bilməzdim, Təbrizdə hər dəqiqə qızıl idi. Məni Təbrizin ən böyük parkına apardılar. Şah zamanında bu yerə Şahgölü deyərdilər indi isə Elgölü adlanır. Parkın içində böyük göl və qayıqlar var. Könülündən keçənlər sürə bilər. Saat gecəyarısı oldu, millət qaynaşır. Atraksionlar tam gücü ilə işləyir. Bakı bulvarından da böyük əraziyə malik olan bu parkda iynə atsan yerə düşməzdi. Skamyalar minimumdur, otluqlarda boş yer tapmaq çətin məslədir. Qızlı-oğlanlı, cavanlı-qocalı hammı oturub əməlli piknik edir, çadırlar saya gəlmirdi. Bu izdiham gecə saat ikiyə üçə qədər davam edir. Bir anlıq özümü hardasa Qərbdə Avropada hiss etdim.

Görməmişdən öncə Təbrizi, çarşabları kimi qaranlıq və qapalı yer təsəvvür edirdim. Ancaq yaylıqları kimi rəngarəng və azad idi.

Mən əməlli şokda idim. Adamlar rəsmən əylənməyi bacarırlar. Bakıda cəmiyyət arasında psixoloji basqı qat-qat yüksəkdir. Bu hələ Təbrizdə keçirdiyim ilk saatlar idi.

Bunu isə qeyd etməsəm olmaz. Təbrizin mərkəzi parkında, disk satışı dükanında, Üzeyir Mehdizadə...Lap istəsən bu şəhərdən gedərəm, təki sən xoşbəxt olasan yarim... Tam səsdə. No comment.

Səhər oyandıq. Yedik-içdik çıxdıq. Bu səfər Təbrizin iri ticarət mərkəzlərinə və dünyanın ən böyük qapalı bazarına. Ora getmək üçün Tərbiyəti küçəsindən keçirsən, eynilə bizim Nizami küçəsinin oxşarı. Müasir insanlar, müasir qiyafələr bir sözlə bura mənə çox doğma gəldi. Məhz bu üzdən örtülü bazarı dolaşdıqdan sonra bir daha xahiş etdim ki, Tərbiyətidən keçək.

Bütün bu müasirliklərə baxmayaraq Təbriz necəsə özündə bir sirrli, görünməyən qədimilik saxlayıb. Bu Təbrizin paradoksu, sintezi idi.

Bir neçə haşiyə:
Mənə elə də fərq etməsə də, Təbrizə gedərkən öz qiyafəmə, tipimə görə gülüş hədəfinə çeviriləcəyimi düşünürdüm. Hər şey fərqli oldu. Burada insanlar daha zövqlü və stil ilə geyinirlər. Saç düzümü, saqqal falan... Qızlar da yaylıq, cins, keta...

Təbrizdə işıqforlar barmaqla sayılacaq qədərdir. Yollar elə salınıb ki, kəsişmələr çox azdır.

Qadın sürücüləri bizdəkindən çoxdur. Hələ qadın taksi sürücülərindən və qadın polislərdən danışmıram. Heç kəs də xor baxmır, psixologiyaya oturuşub.

Küçədə, bazarda, marketlərdə 7-dən 77-yə hammı azərbaycanca danışır. Bu insanlar özlərinə türk, dillərinə türk dilili deyirlər!

Ölənə qədər banan yedim. Kilosu cəmi 50 qəpikdir.

Hər nəmənə yesələr düyü var demək olar. Düyüləri dadlıdır, bizim kimi yağlı-mağlı hazırlamazlar.

Siqaretləri çox keyfiyyətsizdir.

Unitaz mənin üçün mühüm əhəmiyyətli strateji obyekt olduğundan bu mövzu yaralı yerim oldu. O boyda şəhərdə unitaz  yoxdur.

Bir neçə model maşınları var. Kia, pejo, nissan, samand. Ancaq hammısını İran özü istehsal edir.

Avtobuslar üçün xüsusi yollar var və heç kim dayanacaqdan kənarda durmur və düşmür.

İranın (Orta Asiyanın həmçinin) ən böyük universiteti Azərbaycan Universiteti adlanır. Təbriz ətrafındadır.

Təbrizin ən böyük prospektlərindən biri Azərbaycan prospektidir. (Azerbaijan Boluvard)

Təbrizdə Səttərxan və Bağırxanın abidələri kifayət qədərdir, Şəhriyarın məzarı üstündəki böyük abidənin ətrafında isə təmir işləri gedir.

Bakıda infrastruktur yalnız bir nöqtədə qurulub. Təbrizin isə bu başından o başına infrastruktur bərabər paylaşıb.

Sonda isə bunu deyim, Təbrizdə məni ən çox heyrətə salan Təbriz qızları oldu. Sadəcə, həddindən artıq çox gözəldirlər. Sağa, sola, hara baxırsan biri-birindən gözəl qızları görürsən. Oradan qayıdandan Bakıda zombi kimi gəzirəm.

Yuxarıdakıları lap çox sadalamaq olar. Əsası odur ki, mən Təbrizdə Azərbaycan gördüm. Təbriz muzeyləri, Təbriz küçələri başdan ayağa Azərbaycan tarixidir. Təbriz nə qədər modernləşsə də uşaqdan böyüyə adətinə, ənənəsinə, dilinə, kimliyinə sahib olan bir şəhərdir. Təbriz, Bakının anasıdır. Azərbaycanı görmək istəyən, Təbrizə getsin.

#150


Yüz əlli bal söhbəti sosial şəbəkələrdə (qeyri) ciddi rezonans doğurdu. Bizdə baş verən hər bir hadisəyə olduğu kimi bunu da qeyri ciddi , ironik yanaşma oldu.

Valehəm əslində. Hər nəmənə olsa bir qulp qoyub gülmək istedadımız var bizim.

Əslində bu faciədir. Can verməkdə, xırıldamaqda olan təhsilimizin faciəsi. Əgərki bu olay normal cəmiyyəti olan, sivil bir ölkədə baş versəydi toplum buna, bizim kimi məsxərəyə çevirmək əvəzin.etiraz edərdi.

Bir-iki kəlmə mövzu haqqında. Yüz əlli bal. Pakizə. Bu daha çox abituriyentin tələbə olmaq imkanı əldə etməsi deyil. Öncə yüz tələbə 250 balla ali məktəbə daxil olurdusa indi eyni sayda tələbə 150 balla daxil olacaq.

Bu ilbəil ali məktəblərə daxil olan abituriyent kütləsinin savadsızlaşması deməkdir. Elementar riyaziyyatdan qəbul imtahanında on dənə düzgün cavab cavab yaza bilməyən abituriyent, ali riyaziyyatı, matriksləri, ehtimal nəzəriyyəsini necə qavrayacaq?!

Kimdir müqəssir? Abituriyent? Yox. Çünki o ilboyu məktəbin qapısını belə açmayıb. Yolu belə yadından çıxıb. Xoş, beş, onbeş –təpik döyüb hazırlıqlara.

Rüşvəti verəndə yox, alandadır suç.

Başqa rakursdan yanaşaq. Məktəbdə tədris olunan fənnlər, metodika, dərsin keyfiyyəti abituriyentə TQDK imtahanlarından uğurla keçməyə icazə vermir.

Valideyn faktoru. Heç bir valideyn övladının pisliyini istəməz təbii. Övladını məktəbə göndərən, onu müəllim vicdan(sizlıq)ının ixtiyarına buraxan valideyn sonda məcbur olur ki, uşağını repititor yanına göndərsin.

Bəlkə TQDK-dadır günah? Düşünmürəm. Həmişə demişəm; Azərbaycanda nisbətən düzgün işləyən tək-tük qurumlardan biri TQDK-dır.

Kimdədir bəs günah? Nəyə görə 11 il məktəbə təpik döyən şagird sonda yüz əlli bal yığa bilmir?! Məncə bu sualların cavabını Təhsil Nazirliyi düşünməlidir.

Bu bir xalqın faciəsidir.

Nəzərə alaq ki, dörd ildən sonra bu yüz əlli ballı tələbələr ixtisaslaşdırılmış kadr olmalıdırlar. Bu gedişlə bir neçə il sonra bizdə güclü kadr çatışmamazlığı olacaq. Onsuz indidən heç kim öz ixtisasında işləmir.

Təhsili olmayan xalq məhvə məhkumdur. Qısası uzatmayaq, bu söhbətlərin kökü kök atmış bir yerə gedib çıxır.

воскресенье, 8 июля 2012 г.

Yazmaq=Seks



Yazmaq boşalmaqdır, ona görə yazmaq ən güclü seksdir.

Yaşlanacaqsan, saçların ağaracaq, üzündə qırışlar çoxalacaq ama əsla bu vərdiş səndə zəifləməyəcək, yaşadıqca daha da qüvvətlənəcək.

Sənə qoruyucu lazım olmayacaq... Yazmaq çox təhlükəsiz.

Bəzən də olmayan kimi təhlükəli.

Amma yazmaq yaşadır, əsla öldürmür. Yazacaqsan, yaşayacaqsan. Boyununu vursalar, dərini soysalar, bədənini şaqqalasalar... Yenə yazaraq yaşayacaqsan.

Yazmaq cismani var oluşdan, ruhani, mənəvi varoluşa gedən yoldur.

Yazmaq danışmaqdan daha effektlidir. Sözünü kəsməzlər.

Bəzən deyə bilmədiyin sözləri yazaraq ifadə edərsən.

Qələm dildən güclüdür.

Mövcud olmaq üçün nəfəs almalısan, yaşamaq üçün isə əlinə qələm almalısan...!

Yazmaq ən güclü seksdir, təhlükəsiz, qoruyucusuz...

воскресенье, 8 апреля 2012 г.

Adsız şer


Bəlkə də ana bətnində yox,
Gözlərində doğuldum.
Bir gün anlayanda...
Anlayanda ki varlığında yoxam,
Yoxluğunda var olmaq istədim.
Bacarmadım. 
Bağışla.
Gözlərimi yumdum və getdim.
Uçuruma doğru.
Bilərək.
Sənin uçurumundan enmək belə gözəldir.
Mən ana bətnində doğulmadığım kimi,
Torpağa da gömülmədim.
Elə sənin gözlərində öldüm mən.

Karma


Həyatın boyu güldürdün.
İndi ağlayırsan.
Rəngarəng paltarın altında,
Ağ-qara dünya.
İndi, burada, bu otaqda...

Və sənin məhəbbətin,
Artıq Pradolarda.
Qrimli sifət, qırmızı burun.
Gözün hələ də yollarda. 

Bu gün daha bir mənzildə,
Daha bir yekəqarının uşaqları,
Əylənəcək... Bir daha.
Dünyanın ən bədbəxti,
Kimisə xoşbəxt edəcək.
Onlara maraqlı deyil sənin yaran,
Onlar görmürlər sənin gözlərindəki,
İllərin bağışladığı kədəri.

Daha bir gecə.
Yenə qaranlıq otağında,
Yenə tək.
Sən və göz yaşların.
Kimsəsiz insanlar,
Böyüdükcə də kimsəsiz.
Sadəcə yetim deməzlər, vəssalam.

Qıvrım rəngarəng parikin,
Sabah yenə kimisə güldürə bilərdi.
Taleyin ironiyası.
Bəlkə yenə unudasan?
Sevgini, kədərini, dəhşətli karmanı.
Bir qutu siqaret və bir şüşə içki ilə?
Amma bu gün, burada, bu otaqda ...
İlk dəfə sən güldün həyata.
Kloun!
Stul, lustur və kəndir...!