среда, 6 января 2010 г.

Bir Tələbənin Gündəliyindən


4 dekabr 2009.

Yenə də düşüncələr burulğanında boğuluram...İçim sıxılır...Sıxır məni...Vicdan...Bilmirəm bu yaxşıdır ya pis?Yaxşı ona görə ola bilər ki vicdan ağradırsa demək o var,vicdansız deyiləm.Pis nə üçün bəs?Heç özüm də bilmirəm nə üçün ancaq çox pisəm.Dayanacaqda durmuşam.Avtobusu gözləyirəm.Gəlmək bilmir.Tez gəlsəydi fikirim yayınardı,beynimdə məni əzən düşüncələr dağılardı...Aha,avtobus gəldi və mən ona minib evə yola düşdüm.Bu gün bitdi.

Konfrans və ya konfırıldağs.

Hər şey dərsdən sonra konfrans olacağı xəbəri ilə başladı.Saat 11-ə qalırdı,bekar idim.Getməyə qərara aldım.Görüm yenə nə danışırlar həm də bir az vaxtımı öldürüm deyə.Akt zalına tərəf götürüldüm.Tədbir hələ başlamamışdı,içəridə sakit uğultu var idi.Qrup yoldaşlarımı gözlərimlə axtarıb tapdım,arxalarındakı boş sıraya keçib oturdum.Səhnədə kürsü qurulmuş,masanın üzərinə bir azdan o kürsdüdə oturanların adları yazılmış vərəqlər qoyulmuşdu.Siyavuş Qarayev.Aha,demək rektorumuz da bu konfransa təşrif buyuracaq.Sevindim hardasa ki,dörd ildə ilk kəs bu insanın üzünü görmək şərəfinə nail olacam.Hələlik zala göz gəzdirirdim,səhnədə sağda küncdə monitor.Samir Bağırov,Nadir Qafarzadə...Deyirdim sənə sevgi gözəldi...Ey mənim bəlalı sevgim...Yüngül səslə zal dinamikləri bu tip mahnılarla guya konfrans iştirakçılarını əyləndiridi,komfort deyirlər dəyəsən bunun adına.İyirmi dəqiqə də belə keçdi,dvd söndü nəhayət.,deyəsən başlamağa az qalırdı ancaq hələ qarışıqlıq idi.Qarşı sırada oturan qrup yoldaşlarımdan biri ayağa qalxdı,işi var idi,getməli idi.Birdən ”Ay qaqaş,ay qaqaş” deyə arxadan yetərli qədər arxayın bir səs gəldi,nəzarətçi idi.Qrup yoldaşım çönüb baxdı.”Otur aşağı,rektor gəlir!”.Bu arada rektorumuz haqqında bildiklərimdən qısa bir arayış.


Arayış.

Siyavuş Qarayev.Deyilənə görə Neft Akademiyasının rektorudur,akademikdir.Bu vaxtacan onu ancaq qəzet səhiflərindəki şəkillərdən görmüşdüm,hansı ki fəxarətlə akademiyamızın elan guşəsinə vurulur.Tələbələri heç sevmir deyilənə görə.Bu doğrudur.Onun akademik guşəsi akademiyanın ikinci mərtəbəsində,otağının qarşısındakı dəhlizə qırmızı xalı salınmış,güclü mühafizə olunmuş bir yerdədir.O orada olan zaman hər iki tərəfdə həmkarlar yolu bağlayar,hərəkəti mümkün qədər məhdudlaşdırarlar.Akademiyamıza kameralar quraşdırılmamışdan öncə (akademiyada kameralar bu ildən quraşdırılıb) rektorun düşərgəsinə aparan yollar kamera nəzarəti altında idi.O gələn zaman qarşısına heç bir canlının çıxmaması üçün həmkarlar ittifaqının üzvləri əllərindən gələni edirlər.Akademiyamızın xudmani bir həyəti də vardır ancaq o da akademik rektorumuzun ixtiyarındadır.Rektor akademiyaya gələrkən bu həyətdən istifadə edir,o üzdən bu həyətə tələbələr buraxılmır.Deyilənə görə rektor maşından düşərkən qapını özü açmağı xoşlamır,yəqin elə bağlamağı da.Öz aramızdı bunu özüm də görmüşəm.Tələbələrə qarşı bu cür fobiyanın haradan qaynaqlandığı sizin kimi mənə də sirrdir.Bu cür əməllərə görə rektorumuz mənə peyğəmbər təsiri bağışlamışdı.O gəlir budur...Çəkilin!!!Rektorumuz haqqında bildiklərim bu qədər.

Konfırıldağs davam edir.

Qayıdaq konfransa.Bir neçə dəqiqə sonra rektor yan-yörəsi ilə zala daxil oldu.Səliqəli geyimli,qəhvəyi qalstuklu,sakit görkəmli,ağ saçlı,orta boylu,böyük ehtimalla altmışdan yuxarı yaşı vardı ancaq yaşından cavan görsənirdi.Beləliklə,konfrans başladı.Sözə hörmətli rektor başladı,vərəqdən özü də.Birinci özümdə narazıçılıq etdim ki,bu boyda akademiyanın rektoru,üstəlik akademik olasan üç-dörd kəlmə bir-birinin ardına qoşub öz sözlərini deyə bilməyəsən.Rektor danışmağa daha doğrusu oxumağa başlayandan sonra fikirim dəyişdi.Bu adam üzündən güc-bəla ilə oxuyur,mən də öz sözləri ilə danışmasını istəyirəm.Bu haqda çox danışıb xırdaçılıq etmək istəmirəm.Adamdır da,adam səhv edər,”həyəcanlı” olub bəlkə də.Daha sonra prorektor çıxış etdi.Şişirdilmiş,saxta rəqəmlər...Daha sonra baş məsələyə keçildi.Elmi konfransın qaliblərinin adları bir-bir çəkildi,onlar zaldan tribunaya qalxır,şəxsən rektorla əl-ələ verib,onun əlindən diplomunu,sponsorlardan hədiyyəsini alıb gedirdilər,hər dəfə də alqışlar.Ancaq mən alqışlamırdım,alqışlanılası bir şey yox idi də.Mən dəqiq bilirdim ki alqışlayanlar da heç kimi,nəyə görə alqışladıqlarını bilmirdilər.Sadəcə bu axındır,su belə axır,mən də qarışım...Dörd ilimi məndən alan,gəncliyimi məhv edən,mənə bilikdən başqa hər şey öyrədən bu akademiyanımı,bu insanlarımı alqışlamalı idim?Öz bədbəxtliyimi alqışlamalı idimmi?

Gözlərdə üsyan.

Tədbir bu sürətlə davam edirdi,mən isə dərin fikirlərə dalmışdım.O qədər də arxa sırada olmayan yerimdən düz rektorun gözlərinin içinə (!) baxırdım,sanki gözlərimdən çıxacaq qığılcımla onun gözlərini oymaq,çıxartmaq fikirindəydim.Arada rektorun da gözlərinin gözlərimə sataşdığını görürdüm,ya da mənə elə gəlirdi.Gözlərimiz toqquşan kimi o gözlərini çəkirdi.Mən isə daha kəskin baxırdım və hər dəfə o gözünü çəkdikdə arxayınlaşırdım.Yəqin doğrunun gözünün içinə baxa bilmir,yəqin doğrudan saçan işıq gözlərini qamaşdırır...Deyə düşünürdüm.Xeyir!Mən özümü düz qalanları yalnış hesab edənlərdən deyiləm.Mən özüm kimi akademiyaya gəlib vaxtlarını keçirən savadlı tələbə yoldaşlarımı,heç kəsə lazım olmayan mühazirə dəftərlərini,tələbələrə gor qazan müəllimləri,rüşvətxor dekanları,özbaşına,nəzarətsiz buraxılmış akademiyanı,pul-pul deyə cəh-cəh vuran professorları,soyuq auditoriyaları,başımıza uçan tavanı doğru hesab edirəm!Həyatımızın gəncliyimizin gözəl dörd ilini bu saxtakar,ədalətsiz divarlar arasında keçirmədik,itirdik.Bir kağız parçasına görə bu qədər çirkinliyə,bu cinayətə dözürük.Bəli cinayət.Bu boyda tələbələrə savad verməmək,müəllim tələbkarlığı göstərməmək,tələbənin əlindən pul götürmək cinayətdir.Mən isə bunları DORĞRU hesab edirəm,gördüklərimi,eşitdiyim qondarma rəqəmləri yox!

Xəyanət.


Mükafatçı tələbələr bir-bir çıxır eyni xronoloji ardıcıllıqla mükafatlarını alırdılar.Hər elan olunan addan sonra isə alqışlar...Məndə isə isə fikirlər,fikirlər,fikirlər...Sifətlərə baxıram,həyasız üzlərə,rektorun guya əl çalmasına,soyuq simasına,tələbə kütləsinə,düşünürəm...30 aprel bu qədər tezmi yaddaşlardan silindi?Bu hadisənin üstündən bir il keçməyib hələ.Bizimlə bir neçə ay öncə çiyin-çiyinə duranlar,bir partada oturanlar bu gün yoxdur.Biz isə onları artıq unutmuşuq.Öz xoşbəxtliyimizə,güllənin bizə tuş gəlməməsinə sevinirik ancaq yoldaşlarımızın faciəli ölümünə,ailələrinin gözü yaşlı,qəlbi yaralı olmalarını düşünmürük.Bu Neft Akademiyasının ömürlük tarixinə yazılmış bir olay idi,bu olayda cavan,suçsuz yoldaşlarımız öldü və bunu nəinki bir ili çıxmadığına görə indi,bunu daima yad etmək lazımdır.Olmazmıdır ki tədbiri bir dəqiqəlik sükutla açaq?Axı onlar bizim yoldaşlarımız idi...Axı bu pilləkənlər bir neçə ay öncə al qan idi...Axı biz onların xatirəsini yad etməliyik...Axı onları bu cür tez unutmaq xəyanətdir!

Tribunaya “qalxıb” “alçalmaq”.

Daha sonra yenidən çalınan alqışlar məni fikirlərimdən ayırdı.Bu arada deyim ki,öncədən alqışlayıb alqışlamayacağımı plan etməmişdim,sadəcə içimdən gəlmirdi.Mükafatçılar bitdikdən sonra isə söz bəzi sözü olan mükafatçılara verildi.Tələbələr tribunaya qalxır çıxış edirdilər.Hər çıxış eyni ilə belə başlayırdı:”hörmətli rektor”,”müstəqil Azərbaycanın BANİSİ ulu öndər,ümummilli lider,dahi şəxsiyyət Heydər Əliyev”,”möhtərəm prezidentimiz cənab İlham Əliyev”.Bu elmi konfransda bu şəxslərin adlarının hər çıxışda çəkilməsi mənə qaranlıq qaldı.Özü də bu adları öz çıxışlarında tələbələr çəkirdilər.Ola bilər onları buna elmi rəhbərləri təhrik edirdi ancaq vicdan bəs?Üstəlik heç kimi heç nəyə məcbur etmək olmaz.Bu arada rektorun üzündə heç bir ifadə yox idi,tam ifadəsizlik.Bəzən etinasızlıq,bəzən darıxdırıcılıq,bəzən diplom verdiyi tələbələrin üzünə çıəxardığı gülüş və bu belə çox süni alınırdı,çox keçmirdi ki bu gülüş üzün öncəki halına ani olaraq qayıdırdı.

Fil və biz.

Uzaqlaşmayım.Bir neçə çıxış oldu.Çıxış edən qızlardan biri daha yaxşı hazırlaşmışdı.Eyni cür başladı,hörmətli rektora təşəkkürlər,çox sağolun ki belə konfransın keçirilməsinə şərait yaratmısınız.Guya bu aydan düşmə bir hadisədi,çox qlobal bir iş olub!Mən anlamıram,rektorun işidir bu,yeri gələndə bundan da artıqlarını etməlidir.Ancaq biz etmədiklərini tələb etmək əvəzinə bir salxax etdiyinə görə təşəkkür edirik.Anlamırıq ki bu adam rektor,bu onun vəzifə borcudur,o fövqəladə bir iş etməyib!Ancaq biz ya yaltaqlanmağı sevirik ya da ki qorxuruq ki çox istəsək azdan da qalarıq.Bəlkə də buna görə təşəkkür edirdilər.Daha sonra çıxış edən qız xronologiyaya uyğun olaraq Azərbaycanın banisinin və prezidentinin adını çəkərək tərifli sözlər oxuyurdu.Özü də qızımız intonasiya ilə oxuyurdu,sanki kiminsə xoşuna gəlməyə çalışırdı.Gözümün qabağına avtoritar quruluş zamanı qırmızı qalstuklu pionerlərin Leninin şəninə söylədikləri şerlər gəldi.Biz irəli,azadlığa,demokratiyaya getməkdənsə 20ci əsrə,diktaturaya,avtoritarizmə yuvarlanırıq.Yox,mən istəmirəm ki kimsə çıxıb orda radikal fikirlər səsləndirə idi ancaq eyni şablon sözlər,standart şəxslərin adlarını çəkmədən normal,sakit bir çıxış etmək mümkün deyildimi?Onlara qulaq asarkən burada görəsən hamı eyni cür düşünürdü? Bu arada bir maraqlı kitabdan oxuduğum bir maraqlı hekayə yadıma düşdü. Bir gün bir turist Afrikaya gedir. Yerli afrikalılardan birinin fili lap arıq bir dirəyə bağladığını görür.Turist təəccüblənir,fikirləşir ki bu dirəyi mən özüm də bir təkanla qıra bilərəm.Yaxınlaşır afrikalıya soruşur ki bu nə məsələdi.Afrikalı cavab verir:Bu fil lap uşaq olarkən mən onu həmişə bu dirəyə bağlayardım.O zamanlar o ha vurnuxurdusa bu dirəyi tərpədə bilmirdi.İndi isə o bir təkanla onu parça-parça edə bilər ancaq onun artıq psixologiyasında bu dirək güclü,qopmazdır və o bununla,öz taleyi ilə barışıb.

Şərhsiz.

Biz də gözümüzü açandan eyni adamlara müxtəlif cür təriflər,başda oturanlara itaət,yaltaqlıq,qorxu görmüşük və biz artıq onların müqəddəs,böyük və yenilməz olduğu ilə barışmışıq.İndi biz bəlkə də hər şeyi alt-üst edə bilərik,sadəcə inanmırıq buna.Fil dirəyin qopmasını necə qeyri mümkün sayırsa biz də bu sistemi,bu şəxsləri yıxılmaz sayırıq.Ancaq hekayənin sonu maraqlıdır.Fil nəhayət bir gün cəsarət edib o dirəyi qoparmaq üçün cəhd edir yoxsa elə nakam ölür?Bunu heç kim bilmir ancaq maraqlıdır...Lenin də yıxılmaz idi,heykəlləri böyrü üstə uzanmayana qədər.

Söz sözü çəkər.

Fikirlər ucu olub sonu olmayan bir kəndirdir.Ucundan tutub gedirsən...İnsan var olduğu qədər onu sonu olmur.Bu sözlərə də aiddir ancaq özün istəyəndə sən danışmağı,sözləri dayandıra bilərsən.İstəməsən də dayanar sözlər,qeyri iradi olaraq.Ağzını yumarlar...Ona görə də sözlər sonsuz deyil ancaq fikirlər...Fikirlər bəzən heç şəxsi iradəyə də tabe olmur,istəməsən də beyin fikir üyüdücəcəkdir üstəlik heç kəs sənə düşünməyə,fikirləşməyə qadağa qoya bilməz.Fikirlər sonsuzdur!

Üç nöqtə.

...tələbələrin yüksək səviyyəli təhsil alması üçün yüksək səviyyəli şərait yaradılmışdır...təşəkkürlər...falan-filan...Qızın çıxışı təxminən bu cür əhval ruhiyyəli fikirlərlə bitirdi.Deyirəm bu cür sözləri demək üçün ya kor ya da ki ifrat dərəcədə ədalətsiz olasan.Elə yuxarıda yazdıqlarım əlverişli şəraitin hansı səviyyədə olmasından təsəvvür yarada bilər.Labaratoriya işlərinin,kurs işlərinin,məqbulların,imtahanların,qayıbların pulla həll olunduğu məkanda hansı əlverişli şəraitdən danışılır anlamıram.Ancaq həqiqət var.Pul yığmaq üçün əlverişli şərait...

Cəsur ürək.

Bu minvalla tədbir sona yaxınlaşırdı.Son çıxış edəni də alqışlarla yola sadıqdan sonra rektor ayağa qalxaraq başını mikrafona yaxınlaşdırdı.Bu deyəcəyi sözlər isə mən hələ bilmirdim ki beynimdə fikir inqilabı yaradacaq,paradoksal düşüncələr biri-birilərinə qılınc çəkəcək beynimdə.”Başqa sözü olan var?” Aman!Bu necə də çətin sualdır!Bu sual mənim qarşıma yaşamaq üçün seçməli olduğum iki qapı qoydu sanki.Birinin üzərində “Sus,otur” digərinin üzərində “Dur,danış”sözləri yazılmış qapılar.On saniyə keçdi.Rektor ikinci kəs “Müəllimlərdən,tələbələrdən danışmaq istəyən var?” deyə auditoriyaya müraciət etdi.Bu sual beynimdə mübarizəni daha da kəskinləşdirdi,amansızlaşdırdı,ürəyim bərk-bərk vurmağa başladı.Beynim fikir üyüdürdü,gözlərim nifrət,dodaqlarım susmaq...Ya bəlkə danışım?Azad fikirimdən,qanuni hüququmdan istifadə edim?Yox,bu ölkədə qanuni hüquq mənim kimilər üçün deyil.Daha beş saniyə keçdi və bu vaxt ərzində daha sürətli fikirləşirdim.Bu suallar arası intervalda zalda ölü bir sükut vardı.Rektor üçüncü kəs yekun vurmaq məqsədi ilə “Sözü olan yoxdursa...” dedikdə orta sıralardan cəsarətlə bir əl qalxdı,ardıncı əlin sahibi də ayağa durdu.Rektor və yanında oturanlar,nəzarətçi həmkarlar və ardınca bütün zal çönüb bu əlin yiyəsinə baxdılar.Rektor “Buyur” dedi.Növbəti “ağıllı” uşaq deyə hammı fikirləşirdi,səhv etmirdilər.Geyimi bir az fərqli idi.Kapşonlu gödəkçə,cins şalvar,boynunda plastmas yekə qulaqcıq olan bir oğlan idi.Çıxış edənlər üçün tribuna səhnənin solunda yerləşdirilmişdi.O qətiyyətli addımlarla tribunanın pilləkənlərini qalxdı və mikrafona yaxınlaşdı.Həyəcan onun daxilini meyvə içindəki qurd kimi gəmirirdi,rəngi ağarmışdı.Maraqlıdır görəsən bu oğlan kim idi?Bu mən idim.Bəli mən.İlk kəlmələrdən sonra həyəcanım çəkilirdi.Hammı mənə öncəki uşaqlara baxdığı darıxdırıcı nəzərlərlə baxmasa da növbəti mənasız çıxış gözlədikləri aydın idi.

Sözə başladım.

”Öncə bütün konfrans iştirakçılarını salamlayıram.Bir neçə ay öncə faciəli şəkildə həlak olan yoldaşlarımızın ruhu şad olsun deyirəm.Bu gün burada məndən öncə çox gözəl çıxışlar dinlədik,mükafatlar aldıq.Ancaq mən sizdən bir anlığa dayanmanızı və bir qədər düşünmənizi istəyirəm.Biz kimi aldadırıq?Biz bu akademiyada nələrin baş verdiyini çox gözəl bilirik,bəs bunu kim deyəcək?Bəs biz necə gəncliyin məhv olmasına göz yumuruq,susuruq?!Öncə dinlkədikləriniz çıxışları zibil yeşiyinə atın,bu özü-özünü aldatmaqdan başqa bir şey deyil,hamınız bilirsiniz ki bu ağ yalandı!”Son cümlələr hecalara bölünərək qətiyyətli səs tonu ilə deyildi.Zalda oturan tələbələrin gözlərində şaşqınlıq,inanılmaz bir təəccüb yarandı,rektor donmuşdu,yanında oturan həmkarlar ittifaqının sədri isə hirsindən pörtdü. Ayağa durub mənə sarı gəlmək istədi.Bu arada deyim ki bu şəxs rektorun sağ əlidir,deyirlər kobud oğlandır,akademiyada şuluq edənlərin qənimidir.“Lütfən məni sonacan dinləyin,söz demək haqqım var,cənab rektor”.Rektor həmkarın əlindən tutdu,başı ilə sanki “qoy görək nə deyəcək” tipli jest etdi.Mən davam etdim.”Biz bayaqdan pafozlu sözlər eşitdik.Ancaq siz bu adamlara baxın(əlimlə rektor oturan kürsüyə işarə edərək).Bu adamlar bizim həyatımızı,gələcəyimizi,təhsilimizi oğurlayıblar!Bu adamlar oğrudurlar!!!”Zalda gurultu qopdu,bu kəs həmkarlar ittifaqının sədri lap coşdu,rektora baxdı,rektor da xeylaq sinirlənmişdi,bu dəfə əli ilə yığışdırın onu dedi.Sözə baxan kuklalar kimi həmkarlar üstümə tökülüşdülər.Həmkarların sədri qolumnan möhkəm yapışaraq tribuna pilləkənlərinə kimi dartdı məni,nəzarətçilərə itəliyərək “Bayıra atın bunu” dedi.Pilləkənlərədn endim,məni tutmaq istəyən nəzarətçiyə əsəbi halda “əlin dəyməsin,özüm gedirəm” dedim.Zal coşmuşdu,hammı mənə marsdan gələn yadplanetli kimi xeylaq dombalmış gözlərlə baxırdı ancaq heç kəs heç nə demirdi.Nə təsdiq anlamaq olurdu baxışlarından nə də inkar.Sanki onların reaksiyası kürsüdə oturanların sözlərindən asılı hala düşmüşdü.Əgər onlar “Eybi yox,öz azad düşüncələri idi,biz sevinirik ki aramızda öz fikirlərini çəkinmədən söyləyən uşaqlar var.Düzdür bir az aqressiv və subyektiv idi...”desəydilər,mən hammının qəhrəmanına çevriləcəkdim.Yox əgər onlar “Bu cür parazit,avara tələbələrdir akademiyamızın imicinə mənfi təsir edənlər,belə avaralara görə bu gündəyik elə biz...”desəydilər mən hammı üçün ən axmaq,ən səfeh bir adama çevriləcəkdim.Bunun siyasi adı diktaturadır.Bu halda isə publikanın fikiri mənim üçün önəmli deyildi,mən bunu onların gözlərində ucalmaq üçün yox,onları ucaltmaq üçün etdim.

Beyində inqilab.

Bəli,mən soyuq nəzərlərin müşaiəti ilə zalı tərk edərkən mikrafon başında həmkarlar ittifaqının sədri üzrxahlıq edirdi konfrans iştirakçılarından.Ünvanıma məzəmmətlər başlayırdı ki qapını arxadan örtdüm,səs kəsildi.Ürəyimdə də.O dayandı yoxsa nədir?Nəyə görə dup-dup-dup səslərini eşitmirəm?Əlimi sinəmə qoydum.Yox,zəif də olsa vurur.Dərindən nəfəs aldım,içim sarsıntı keçirirdi sanki.Akademiyadan tez uzaqlaşmağı qərara aldım.Qorxurdum,tutsalar çırpacaqlar...Pilləkənləri iki-iki,üç-üç düşürdüm,qapıdan çıxdım açıq havaya.Dayandım,düşünməyə başladım.Yaxşı indi nə olacaq?Axı nə?Nə isə dəyişəcək?Kim isə dəyişəcək?Yox.Hə,dəyişən tək mən olacam,bundan sonra məni adımla yanaşı demaqoq,sarsaq kimi də tanıyacaqlar ən yaxşı halda.Normal halda məni akademiyadan xaric edəcəklər.Bunu göz altına öncədən almışdım.Pis halda isə polisə verə bilərlər.Bunu az ehtimal edirdim ancaq güman var idi.Birdən ürəyimə sanki uzun bir iynə batırdılar.Artıq həm mənəvi həm də fiziki ağrılarım başlayırdı.Anam yadıma düşdü.Düzü heç yadımnan çıxmamışdı da.Sadəcə rektor “Sözü olan var?” soruşarkən sanki sözü mənə atmışdı,sanki o mənə “Hə,içində danışırsan,camaatı qınayırsan,kişiliyin və vicdanın varsa gəl,buyur,bu meydan bu şeytan” demişdi.Mən artıq səhnədə ağ saçlı,kostyumlu bir adam yox,qırmızı rəngli,ox quyruqlu,iti buynuzlu bir iblis görürdüm və o mənə meydan oxuyurdu.Mən ya qorxaqlar kimi susmalı ya da cəsarətlilər kimi danışmalı idim.Bu cür sinir gərginliyində isə ailəmi bir anlıq unudub,özlüyümlə davrandım.İndi isə gözümün qarşısında məni tənbeh edə-edə ali məktəbə hazırlaşdıran anam,yuxusuz gecələrim,anamın imtahan həyəcanı,qəbul sevinci,mənimlə həmişə fəxr etməsi,mənə dayaq olması,ürək-dirək verməsi və qovulma xəbərindən sonra kədərli gözləri,daha sonra məzəmməti,qəzəbli baxışları durdu.O necə də məyus olacaqdı,onun ümid ulduzu necə də sönəcəkdir.Çox danlayacaq.Haqqı da var bəlkə.Öz övladım belə etsə idi,çox sarsılardım.Aman,mən nə etdim!Son altı ayım qalmışkən.Dörd ilin son altı ayı...Dörd il buna dözən üçün altı ay heç nə idi.Ailəmə görə dözməli idim.Özümə görə dözməli idim,o diplom adlanan kağız parçasına görə.Hər nədirsə o kağız parçası həyatda rol oynayır.Ya da yox.Mən lap düz etdim.Bu mənim həyatımdır,mənim seçdiyim yoldur.Bu yolu mən gedəcəm və bu yolda hara dönmək lazım olduğunu mən seçməli,qərarlarımı özüm verməliyəm.Heç kimə görə üzülməyə dəyməz,bu həyat ailəmin yox tək mənimdir.Bundan başqa,mən kimi aldadıram o yalançı diplomla?!Ancaq özümü.O diplom saxta olacaqdı,o diplom mənə savadımı yox pulla əldə etdiyim yalançı bir kağızı təcəssüm edəcəkdi.Onsuz bilik diplomla ölçülmür.Diplom heç də biliyin qarantı deyil.Bilikli adam diplomsuz da bilikli,biliksizə isə yüz cüt diplom versən də elə o kağızlar onu bilikli etməyəcək.Kolumb dünyanın yumru olduğunu sübut edəndə diplomu yox idi.Mendeleyev də elementləri kəşf edəndə diplomsuz idi,siyahını uzatmaq da olar...Ancaq məsələnin başqa tərəfləri də var.İş orasındadır ki mən Kolumbun,Mendeleyevin dönəmində yaşamıram.Mən 21ci əsrdəyəm və bu əsrdə diplom mühüm sənəddir.Ancaq yenə də Azərbaycanda diplom gələcəkdə uşaqların gözünə soxmaq,ətrafdakılara şeşələnmək üçündür.Mənə bu lazımdırmı?Başqa yandan götürsək,mən nə qədər həyatımın ağasıyam desəm də həyatımda mənə görə məndən heç də az maraqlı olmayanlar var.Onlar necə olacaq qovulsam?Tək övlad olasan o da sənin ümidlərini doğrultmaya,bu cür əziyyətlərdən sonra və qurtluluşun bir addımlığında ikən.Haqlıdırlar...”Oxumaq istəmirdinsə öncədən deyərdin,işimizi bilərdik”desələr haqlı olacaqlar.Axı nə üçün hər şey bu qədər çətin və qəlizdir?

Paradoks.

Doğrudan da həyat axınına qarşı üzmək çox çətindir,çox!Ailəmin üzünə nə cür baxacam?Kaş ki susaydım.Yox,o zaman vicdansız olardım,şərlə,haqsızlıqla barışmış olardım.Susmadım,danışdım...İndi də ailəmə qarşı vicdansızlıq etdim.Hər iki hal məni uçuruma aparır,susmaq da,danışmaq da.Ancaq birinci halda susmağım bəlkə də şərə uduzmağım və vicdansızlıq deyildi.Həyatım qabaqda idi,mübarizə aparmaq üçün bir ömür var idi hələ,bəlkə də mən vaxtından öncə düşmən üzərinə atıldım,vəziyyəti düzgün analiz etmədim,döyüş zamanını düzgün seçmədim.Bu düşüncələrlə beynim sanki çatlayacaqdı.Suallar,axtardığım cavablar,ziddiyyət,çıxış yolu,düzgünlük,yalnışlıq,vicdan...

Qaranlıq suallar.

Başımı aşağı salıb gedə-gedə düşünürdüm.Başımı qaldırıb düşüncələrdən ayılarkən harada olduğumu anlamadım.Aman,nə olub?Məni qara basır?Mən haradayam?Yox,bura haradır?Hər yan qaranlıq idi.Qaranlıq düşüb?Ola bilməz,mən akademiyadan çıxanda saat 12 idi.Mən otaqdayam?Ola bilməz,mən akademiyadan çölə çıxdım,açıq havaya.Oysa bu divarlar nədir?Görməsəmdə əllərimlə toxunuşdan qarşımdakı səddin divar olduğunu anladım.Sağa çəkildim divar,sola çəkildim divar,geriyə qayıtmaq istədim divar...Qaranlıq...Yox məni qara basır,yoxsa dəli olmuşam?Yox dəli olsa idim dəliliyimi anlaya bilməzdim.Bəlkə ölmüşəm?Yox,ürəyim vurur axı.Bu tabutdur bəlkə?Hə,hə,tabutdur.Ancaq diriyəm axı.Tapdım,rektorun adamları məni tutub diri-diri tabuta atıblar ki ağılım başıma gəlsin.

İşıqlı cavablar.

Bir anlıq dayandım,dərin nəfəs aldım,sakitləşmək istədim və bu deyəsən alınırdı.Get gedə gözüm işıqlanırdı.Aha,lap işıqlanırdı və mən deyəsən ayılırdım.Tam olaraq gözümün önündəki mənzərə açıldı,budur.Yox,ola bilməz!OLA BİLMƏZ!Gördüyüm məni şoka salcaqdı az qala,başım gicəlləndi.Eşitdiyim səs:”Başqa sözü olan yoxdursa,tədbiri bağlı elan edirəm,sağolun”,gurultulu alqışlar...Mən konfrans zalındakı,bayaqkı yerimdə oturmuşam.Son sözləri rektor dedi.Hammı ayağa qalxdı,mən də həmçinin.Nə baş verdi axı?Zaman geri qayıtdı?Yox,bir az sonra mən anladım ki bayaqdan baş verənlər mənim təxəyülümdən başqa bir şey deyildi.Ancaq 15 saniyə içində bu qədər olayı nə cür xəyal edə bilərdim?Görünür etmişəm.Bilmirəm indi sevinim ya kədərlənim.Öz əsl içimi açmışdım,əsl özüm kimi hərəkət etmişdim çıxışımda.İndi isə aydınlaşır ki bu sadəcə xəyal imiş.Bu kədərlidir.Sevincli tərəfi isə orasındadır ki,bu gün evə üzüqara,üzgün getməyəcəm.Hansısa bir əsəb sıçrayışına,qıcığa görə,beş qramlıq dilimə görə.Ancaq mən susmuşam demək və hər bir halda mən rektorun qabağında haqsızlığa susdum.Zaldan çıxarkən bunu düşünürdüm.Düşündükcə isə düşüncələrin sonsuzluğuna yuvarlanırdım,özü də mənfi sonsuzluğa tərəf.Zaldan çıxdım,yoldaşlarla da sağollaşmadım,halım qarışmışdı.Dayanacağa tərəf yollandım.... Yenə də düşüncələr burulğanında boğuluram...İçim sıxılır...Sıxır məni...Vicdan...Bilmirəm bu yaxşıdır ya pis?Yaxşı ona görə ola bilər ki vicdan ağradırsa demək o var,vicdansız deyiləm.Pis nə üçün bəs?Heç özüm də bilmirəm nə üçün ancaq çox pisəm.Dayanacaqda durmuşam.Avtobusu gözləyirəm.Gəlmək bilmir.Tez gəlsəydi fikirim yayınardı,beynimdə məni əzən düşüncələr dağılardı...Aha,avtobus gəldi və mən ona minib evə yola düşdüm.Bu gün bitdi.

Burada bir qəlb haqsızlıq qarşısında susduğuna görə sızladı.

Bütün bunlardan sonra mən bir şeyi özüm üçün teorem etdim.Mən susdum ancaq anladım ki dilin susmağı heç də vicdanın susmağı deyil.Dil haqsızlığa susa bilər ancaq vicdan əsla!O susa bilməz,o danışacaq,dayanmayacaq!Düzdür vicdan dil açaraq danışmır.O incidir,o ağradır...Onun danışmağı elə budur.Əgər vicdanla susmağı koordinat oxunda təsvir etsəydik onlar tərs mütənasiblik əmələ gətirərdilər.Yalnız mənim durumumda susmaq da,danışmaq da hər ikisi vicdanla tərs mütənasibliyə çevrilmişdilər.Hər ikisinin də öz müdafiə arqumentləri var idi.Bu da son.Düşüncələrin yox hekayənin sonu.Düşüncələr isə sonsuzluğa olan yolçuluğuna davam edəcək...

1 комментарий:

  1. Ilk Olaraq Allah Ölən tələbələrimizə rəhmət etsin, ruhları şad olsun. men bu sozlerin hamısını oxuduqca yaşadım, hadisələr gözümdə canlandı. Ugurlu tesvir etdin etirazını bir anliq mən " Bəlkə onu bayildib, dörd divara atıblar" düşüncəsi ilə ürkdüm! Belə ağır Gündəlik oxumamışdım

    ОтветитьУдалить