
Yenə bəyaz qar yağdı boz küçələrə.
Yenə qar topu, qar adamı...
Oynaşan uşaqların sevinci qarışdı gülüşlərə.
Bircə öncəki tək həvəsim olmadı.
Yenə axdı göydən ağ buz parçaları.
Yenə baxdı göydən xoşbəxtlik allahı.
Qəzəbə gəldik, tutdu ahı.
Söndü qazlar, oldu qəza.
Aldıq cəza.
Töküldü saf qar dənələri başımıza.
Qaldı ayağımızın altında, buladıq palçığımıza.
Kim deyir ki bizə qar yaraşmır?!
Biz qara yaraşmırıq!
Yağdı yenə qar...
Rəngi dəyişdi yollarımızın.
Doldu topa qar...
Əyildi budaqları ağaclarımızın.
Bircə öncəki tək qar adamı düzəltməyim olmadı.
Hopdu yenə qar pəncərəmizə.
Coşdu, daşdı...
Güc gəldi ümidimizə.
Ancaq söndü o ümidlər işığımızla.
Şam işığında közərmiş divarımızla.
Yenə qardan sonra sükut bağırdı çöllərə.
Qayğısız çocuqlar da vermişdilər əl-ələ.
Xarçıldatdım, gəzdim, dolaşdım qar üstündə.
Boş-boşuna, el-belə.
Bəlkə ötən günlər qayıdar deyə.
Yenə qar yağdı elimizə, sevinmədim.
“Dağlara qar yağdı bu gün, birinci qar”, demədim.
Duyğularım da bu şaxta ilə buzlaşır, hiss etdim.
Həyat daşlaşdırar bizi ötdükcə, dərk etdim.
Комментариев нет:
Отправить комментарий