Uşaqlıqda müxtəlif cür əyləncələr olur. Onlardan biri belə idi. İplə bağlanmış taxta dirəyə bir yeşik söykəyirdik, yeşiyin altına gedən yola dən səpirdik. Özümüz isə pusquda durub sərçələrin yerdəki dənləri dimdikləyə-dimdikləyə yeşiyin altına getməsini gözləyirdik. Elə ki zavallı sərçə yeşiyin altına girdi, bir ucu əlimizdə bir ucu taxtada olan ipi, yeşiyin dirəyini dartırdıq və zavallı sərçə tələyə düşürdü. Ancaq biz o zaman anlamırdıq ki özümüz də dəni dimdikləyərək tələyə doğru gedən sərçələr kimiyik, biz də həyatın bizə qurduğu tələyə doğru gedirik və bir gün gec-tez o tələyə düşəcəyimizin fərqində deyildik. Biz sərçələr üçün taxta çərçivə hazırlayan zaman həyat da bizə torpaq çərçivələr hazılayırdı və bir gün öz ipini çəkərək bizi ora salacağını bilmirdik. İndi bilsək də heç nəyi dəyişmək gücündə deyilik. Təbiətin ana qanunlarına qarşı çıxmaq mümkün deyil, güclü hər zaman qalibdir, biz sərçələrdən güclüyük, həyat da bizdən... Görəsən həyatı da kimsə tələyə salacaqmı?
* * * * * * * * * * * * * *
İlk xəyanəti mənə atamla anam etdi. Məni dünyaya gətirərək bu qəddar, əclaf dünyanın ağuşuna atmaqla. Məni həyatla mübarizəyə arxadan itələsələr də bir gün yanımda olmayacaqlarını və mənim çabalayacağımı, sonda məhv olacağımı bilə-bilə, eqoistcəsinə məni həyatın hüzuruna buraxdılar. Uşaq evinin darvazası qabağına atılmış kiməsiz uşaqlardan bizim heç bir fərqimiz yoxdur, heç bir! Biz də onlar kimi həyatla təkbaşına mübarizə aparırıq, arxamızda kimlərinsə dekorasiya şəkilində durmasına baxmayaraq. İnsanlar hamısı yetimdirlər, analı-atalı yetimlər. Bu dünya da internatdır. Heç bir bioliji ata-ana bizi həyat hadisələrindən siğortalamayıb, siğortalaya da bilməz, çünki onlar da bizim kimi acizdirlər. Bizi məktəbdə özümüzdən güclü sinif yoldaşımız əzişdirəndə, metroda cibimizdən pul kisəmiz çırpışdırılanda ya dünyaya qüsurlu doğulub digərləri tərəfindən ələ salınanda, alçaldılanda valideynlərimiz bizə kömək etmədilər. Bütün bunlarla biz həyatda təkbətək qaldıq, öz gücümüzlə mübarizə apardıq, valideynlərimiz bizi törədib daha sonra atdılar...
İkinci xəyanəti mənə həyat etdi. Mən bunu yaşa dolduqca, beyin hüceyrələrim ətrafı, dünyanı dərk etdikcə anladım. Həyatın necə boş və mənasız olduğunu anladım. 60-70 illik ömürdən sonra bürmələnib tez-bazar qara torpağa atılacağımı anladım. Həyat əlimizdən tutaraq bizə yeriməyi, danışmağı, düşünməyi, yaşamağı, çarpışmağı, qocalmağı öyrədir, əldən düşüb, ona lazım olmayandan sonra isə bizi uçurumun astanasına gətirir, o zaman biz anlayırıq ki ömürümüz boyu həyatla əl-ələ gəldiyimiz yol, uçuruma gedən yol idi əslində... və əlimizi buraxır, belimizdən də itələyir...
Üçüncü xəyanəti isə özüm özümə etmək istəyirəm. Həyatın acığına! Qoy onun missiyası yarımçıq qalsın! Qoy o istəyinə çatmasın! Qoy o məni tələyə sala bilməsin! Ancaq həyat hərəni bir cür qarmaqlayır, müxtəlif metodlarla, bəlkə də məni bu yolnan salmaq istəyir tələsinə, öz əlim ilə, guya həyat suçlu deyil, o heç nə etmədi, “öz qanına öz əli bulaşdı”...
Комментариев нет:
Отправить комментарий