среда, 6 января 2010 г.
Ermənilər dilənirlərmi yoxsa dövlətlərinə xidmət edirlər? (Aktual)
Bu il Ermənistan “Bizim Şuşa” adlı telemarafona start verib.Bu günlərdə ermənilər öncə Moskvada daha sonra Los Ancelesdə Şuşanın bərpası adlı fond açaraq,teleaksiya keçirmişlər.Bu arada bizim bəzi ağzıgöyçək,bığıburma millət “təəssübkeşlərimiz” bu aksiyaya DİLƏNMƏK donun geyindirdilər.İndi bu haqda fikirlərimlə bir qədər başınızı ağrıtmaq qərarına gəldim.
Bu xəbəri oxuyanda cin vurdu başıma.Dedim yəqin biz çox namuslu,şərəfli xalqıq ki dilənməyi özümüzə yaraşdırmarıq.Sonra düşündüm ki,kimsə nəsə eləyirsə sözbaz arvadlar kimi ona qulp qoymağa nə gərək?Çox çirkindir,lap errrmənicəsinə çirkindi!
Ay qardaş,camaat vətəni üçün,qanla qazandığı torpağı üçün çalışır!Sən çalışmırsan,əllərini qoltuğuna soxub oturmusansa buna erməni nə etsin?Yoxsa biz ona buna qulp qoymaqda görürük vətənə xidməti?Ola bilər də nə deyim?!Kimsə təbliğatda,aksiyada görür vətənə xidməti kimsə də qıraqdan oturub gecə gündüz düşmənin nəslini söyməkdə.Atalarımız gözəl deyib:İt hürər karvan keçər.Sən hürməyində ol,ermənilər milyardları qatlasın.Sən adını DİLƏNMƏK qoysanda onlar üçün nəticə maraqlıdı,nəticəyə aparan yollar yox.
Anlamıram!Biz başımızı sallayıb oturmuşuq,altımızı yumuşaq etməklə məşğuluq və bunu analoji olaraq düşməndən də istəyirik.İndi erməni neyləsinki bizim başımız şouya,müğənniliyə,matişkəliyə qarışıb?Onlar bunda suçlumu?Yox əlbəttə!Adamlar adam kimi iş görürlər daha ağzımız niyə əyilir bilmirəm.Soğan yeməmisənsə için niyə göynüyür?Mən deyim nə üçün.Paxıllıq!Biz həzm edə bilmirik ki erməni dünyaya car çəkir,Şuşanı reklam edir,hələ üstəlik fond açıb milyardlar yığırlar...Biz bunu uda bilmirik,özümüz yatmışıq onların da yatmasını istəyirik.Onların canfəşanlığını “bezpantovı” hərəkət adlandırırıq.Ay “brat” belə də iş olar?
Deyirik ki adam şərəfli,namuslu,vicdanlı olar,həyasızlıq eləməyinizin yeri yoxdu,adam DİLƏNÇİLİK etməz!Ancaq başına min cür oyun açılıb öldürülən minlərlə soydaşlarımız varkən,torpağımızda bu gün də Vazgenlər şıllaq atarkən necə də namusdan,şərəfdən danışırıq,danışmağımız bir yana,cammatı suçluyuruq ki,namusun olsun dilənmə.Əsl həyasızlıq baxın budur!
Kimlərsə iş görür,kimlərsə qulp qoyur.Prinsipcə ikisi də işdir ancaq nisbilik anlayışı var...
Kimsə deyə bilər:Şuşa onların vətəni deyil.Hə,hə,həə!!!Bu pafozlu sözləri eşitmək belə istəmirəm!!!Ermənilər də deyir ki Şuşa türklərin deyil,bizimdi.Danışmaq lazım deyil Şuşa onlarındı ya yox.Hərəkət etmək,sübut etmək lazımdı!Bu meydan bu şeytan.Onlar sübut edirlər,bəs biz?Biz bəs?Şərait də var güc də var,para da...Sadəcə bizim yekəqarın nazirlər,məmurlar,biznesmənlər özlərinə sarayLAR,villaLAR tikdirəndə,gül balalarına Ferrari gətizdirəndə,qayıqlarda,vertolyaotlarda gəzəndə,qarşılarında müğənniləri burcutdurmaq üçün pulları havaya sovuranda ermənilər dövlətlərini yaşatmaq,inkişaf etdirmək üçün REAL İŞLƏR görürlər.Hansın ki biz dilənmək adlandırmışıq,bizim etdiyimiz isə hünərdəndir,bilmirdiniz?
Yəqin sübuta ehtiyac yoxdur.Özümüzün olanı sübut etməliyik bəyəm?Özümüz bilirik ki bizimdir bəs edər.Qoy ermənilər özlərinə əl qatıb lap uzay adamlaracan car çəksinlər.Yalan ayaq tutar yeriməz!Qoy onlar orda-burda fond açıb dilənsinlər.Bizə yaraşmaz!Bəs torpaqları satmaq?Bu bizə yaraşardı?
Nəysə istər şərəfli deyək istər şərəfsiz,ermənilər əziyyətlə torpaq əldə edib,indi təbliğ edir.Kim tez tərpəndi.Əgər tərpənsək.Babam həmişə tənbəl olduğuma görə bu atalar sözünü mənə tez-tez xatırladır,biədəb olsa da:Tez duran inək gec duranın başına o məsələ edər...
P.S.Yeri gəlmişkən sonda lazım bir qeydi edim.12 saat ərzində Bostondan erməni kanalları ilə canlı yayımlanan telemarafonda fonda yığılan pulların sayı nə az nə çox düz 15 875 043 (yuvarlaq desək 16 milyard) dollara çatmışdır.
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий